Yuxarı

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı 408 nəfərə çatıb

“Open Doors”un hesabatı Azərbaycanla ABŞ arasında tələbə mobilliyi sahəsində müsbət meyillərin olduğunu göstərir

Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı 408 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu ilə Beynəlxalq Təhsil İnstitutu tərəfindən noyabrın 16-da Beynəlxalq Təhsil Mübadiləsinə dair 2015-ci il üzrə nəşr olunan “Open Doors” hesabatında öz əksini tapıb. 

Hesabatda qeyd olunub ki, 2014/2015-ci tədris ili üzrə göstəricilərə görə, Azərbaycandan olan tələbələr ABŞ-da əsasən natamam ali təhsil pilləsində təhsil almağa meyil ediblər. Belə ki, tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə ingilis dili kursları və ya qısa-müddətli kurslar kimi qeyri-dərəcə proqramları üzrə təhsil alır.

Hesabatda bildirilir ki, on il bundan əvvəlki rəqəmlər ilə müqayisədə hazırda ABŞ kollec və universitetlərində təhsil alan tələbələrin sayı 73 faiz artıb və son beş il ərzində artım tempi daha yüksək olub. 2014/2015-ci tədris ilində ABŞ kollec və universitetlərinə qəbul olan beynəlxalq tələbələrin sayı ötən 35 il ərzində 10 faiz yüksəlib və rekord hədd olan 974 926 nəfərə çatıb. Hazırda beynəlxalq tələbələr ABŞ ali təhsil ocaqlarına daxil olan 20 milyon nəfərdən artıq şəxsin demək olar beş faizini təşkil edir. Bu da ötən illərdəki təqribən dörd faizlik göstəricidən yüksəkdir. Bu artım həm ABŞ ali təhsil müəssisələrinə qəbul olan beynəlxalq tələbələrin sayının artması, həm də amerikalı tələbələrin sayının azalması ilə izah olunur.

Hesabat amerikalıların qlobal mühitə hazırlanması və ABŞ-da təhsil almaq, öyrənmək və təcrübə mübadiləsi aparmaq məqsədilə xarici ölkələrdən gələcək liderlərin cəlb edilməsi məqsədilə ABŞ Dövlət Departamenti ilə ABŞ Təhsil Departamenti tərəfindən birgə təşəbbüs edilən Beynəlxalq Təhsil Həftəsinin keçirilməsi ilə eyni vaxta təsadüf edir. Beynəlxalq Təhsil Həftəsi Azərbaycanda EducationUSA tərəfindən təşkil edilən tədbir olmaqla, müxtəlif tələbələri cəlb edir və onlara ABŞ təhsil sistemi barədə məlumat verməklə ABŞ-a üz tutan tələblərin sayının artırılmasına xidmət edir. EducationUSA təşkilatının Azərbaycan nümayəndəliyi hər il iki sərgi təşkil edir. Bunlar yazda keçirilən Məzunlar sərgisi və payız dövrü ərzində EducationUSA sərgisidir. Sözügedən sərgilər ABŞ ali təhsil ocaqlarında təhsil almaq istəyən 650 nəfərdən çox tələbəni bir araya gətirir. Eyni zamanda, EducationUSA digər təşkilatlar tərəfindən Azərbaycanda təşkil edilən təhsil sərgilərində, o cümlədən BEGIN Təhsil Sərgisində, A2 Sərgisində və Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir.

Qeyd edək ki, "Open Doors" hesabatı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu ilə Beynəlxalq Təhsil İnstitutu tərəfindən hər il nəşr olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi