Yuxarı

ABB şirkəti Bakı Ali Neft Məktəbində Təlim Mərkəzi yaradır

ABB şirkətinin Azərbaycan üzrə direktoru BANM-də olub

Bakı. 5 iyul. REPORT.AZ/ ABB şirkətinin Azərbaycan üzrə direktoru Rüstəm Qasımov Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla görüşüb. 

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, görüşdə E.Qasımov ABB şirkətinin nümayəndəsinə BANM-in yeni kampusunda aparılan tamamlama işləri haqqında məlumat verib. Rektor qarşı tərəflə kampusda yaradılan və ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzində aparılan tamamlama işlərinin gedişatını müzakirə edib. 

E.Qasımov kampusun açılışına qədər Təlim Mərkəzin istifadəyə veriləcəyini də qeyd edib.

R.Qasımov BANM-lə əməkdaşlıq etməkdən məmnun olduqlarını bildirərək, bundan sonra da əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini vurğulayıb. O, gələcəkdə BANM-in kampusunda yaradılan Təlim Mərkəzində tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması imkanının olacağını bildirib. R.Qasımov həmçinin ABB şirkətinin region üzrə mütəxəssislər üçün təşkil etdiyi təlimlərin bu mərkəzdə keçiriləcəyini deyib.

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın digər istiqamətləri və perspektivləri müzakirə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi