2014-2015-ci tədris ili ərzində həyata keçirilən islahatlar, tədbirlər və yeniliklər açıqlanıb

2014-2015-ci tədris ili ərzində həyata keçirilən islahatlar, tədbirlər və yeniliklər açıqlanıb Bu tədris ilində müəllimlərin əmək haqqı və dərs yükü artırılıb
Elm və təhsil
29 May , 2015 17:14
2014-2015-ci tədris ili ərzində həyata keçirilən islahatlar, tədbirlər və yeniliklər açıqlanıb

Bakı. 29 may. REPORT.AZ/ Təhsil Nazirliyi 2014-2015-ci tədris ili ərzində həyata keçirilən islahatlar, tədbirlər və yenilikləri açıqlayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, ilk dəfə 2014-2015-ci tədris ilindən pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə "Gələcəyin müəllimi təqaüdü" verilib.

Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya verilir, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödənilir.

Eyni zamanda, nazirin əmri ilə "Müəllimlərin etik davranış qaydaları" təsdiq edilib. Qaydalara əsasən, 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər "Müəllim andı" içərək fəaliyyətə başlayıblar. 2014-2015-ci tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 573 nəfər təhsil almaq üçün xaricə göndərilib. 2014-2015-ci tədris ilindən ölkəmizin 7 baza ali təhsil müəssisəsində SABAH qrupları fəaliyyətə başlayıb. Bu qruplarda 34 ixtisas üzrə 755 tələbə təhsil alır.

Prezident İlham Əliyevin "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncamına uyğun olaraq, müəllimlərin əmək haqqı və dərs yükü artırılıb. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib. Əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunmasını nəzərdə tutan “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalanıb.

Təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradan Elektron Dərslik Portalı (www.e-derslik.edu.az) istifadəyə verilib. Bərdə rayonunda istifadəyə verilən regional “ASAN xidmət” mərkəzində "ASAN məktəb" bölməsi fəaliyyətə başlayıb.

Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən ilk olaraq, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsinə başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2014-2015-ci tədris ilindən məktəbə hazırlıq qrupları yaradılıb. Bu qruplara cəlb olunan və 6 yaşı sentyabrın 15-dən dekabrın 31-nədək tamam olan uşaqlar ümumtəhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.

Son xəbərlər

Orphus sistemi