10 minə yaxın bakalavr magistraturanın ikinci mərhələsinə imtahan verəcək

10 minə yaxın bakalavr magistraturanın ikinci mərhələsinə imtahan verəcək 32 bakalavr xarici ölkə vətəndaşıdır
Elm və təhsil
2 İyun , 2016 13:38
10 minə yaxın bakalavr magistraturanın ikinci mərhələsinə imtahan verəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 5-də 2016/2017-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

TQDK-dan “Report”a verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 16 imtahan mərkəzində aparılıcaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Xatırladaq ki, qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 3-dən 10-dək aparılıb və 9 061 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8 142 nəfəri Azərbaycan bölməsi, 919 nəfəri rus bölməsi üzrə imtahan verəcək. 

Bakalavrların 3 299 nəfərini oğlanlar, 5 762 nəfərini qızlar təşkil edir. 5 045 nəfər ali təhsil müəssisələrinin builki, 4 016 nəfər isə əvvəlki illərin məzunudur. 32 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 60 imtahan rəhbəri, 677 nəzarətçi-müəllim ayrılıb.

Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.   

Son xəbərlər

Orphus sistemi