“İl ərzində paytaxtda hər bir fənn üzrə cəmi 1 və ya 2 vakant yer açılır. Bu da Bakıda demoqrafiyanın çox olması ilə əlaqədardır”.
“Report” xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu müəllimlərin işə qəbulu imtahanları ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, vakant yerlər daha çox ucqar ərazilərdəki məktəblərdə qalır: “Çünki bir çox namizəd imtahanda iştirak edir, ancaq müəyyən səbəblərdən işləmək istəmirlər. Buradan müəllim olmaq istəyən namizədlərə səslənirəm ki, doğurdan da ürəkdən müəllimlik peşəsinə yiyələnmək istəyənlər düşdüyü yerdən asılı olmayaraq işləsələr yaxşı olar”.
Nazirlik rəsmisi bildirib ki, insanları qıcıqlandıran daha çox iş yerinin olması tələbidir: "Bu isə mümkün deyil. Biz vakant yerlər üzrə işləyirik. Bu günə qədər məktəblərdə həddindən artıq müəllim olduğundan optimallaşdırma, onların hamısının normal əməkhaqqı alması üçün minimum 18 saatlıq stavkaya malik olmalıdırlar. Əgər hansısa müəllim pensiyaya gedir və ya hər hansı səbəbdən işdən çıxırsa, başqaları üçün vakant görünə bilər. Əslində isə normal əməkhaqqı almaları üçün müəllimin iş saatları digərləri arasında bölünür. Bunlar da nəzərə alınmalıdır”.
"Bu gün rayonlarda, dağ kəndlərinin məktəblərində vakant yerlər olsa da, namizədlərin əksəriyyəti ora işləmək üçün getmirlər. Bu gün əksəriyyət yaşadığı yerdə işləmək istəyir. Bu gün dövlət universitetlərinə tələbə qəbul edilərkən bu yerlər nəzərə alınır. Bakıda əhalinin sıx yaşadığı yerlərdə isə vakant yerlər məhduddur", - V.Yaqublu qeyd edib.