Bakı. 23 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib.
“Report”un müxbirinin verdiyi məlumata görə, şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.
Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, “Yeni il” nəğməsini oxuyublar.
İnternat məktəbinin direktoru Dilarə Məşədiyeva bildirib ki, hazırda internat məktəbində 47 nəfəri qız, 115 nəfəri oğlan olmaqla 162 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq təlim-tərbiyə alır: “Onlardan 152 nəfər uşaq müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 47 nəfər pedaqoji işçi məşğul olur”.
Hər zaman uşaqları sevindirməyə çalışdıqlarını deyən D.Məşədiyeva onlara öz övladları kimi baxdığını qeyd edib: “Evdə uşaqlarıma göstərdiyim qayğını eyni ilə burdakı uşaqlara göstərirəm. Çünki onların sevgiyə, diqqətə və qayğıya ehtiyacı var. Psixoloqlarımız tez-tez onlarla maraqlanırlar. Hazırda 4 uşağı övladlığa vermişik. Keçən il 22 kimsəsiz uşağımız məzun evləri ilə təmin olunmuşdular. Bütün uşaqlar peşə məktəblərinə yönəlir. Çünki internat məktəbi 9 illikdir”.
Yeni övladlığa verilən internat evinin sakini olan 14 yaşlı F.Ə. deyir ki, yeni ailəsində çox xoşbəxtdir: “Onlar çox mehribandırlar. Çox yaxşı yola gedirik. Düşündüklərimə yaxşı reaksiya verir, məni başa düşürlər. Yeni ailəmdə məndən balaca 10 yaşlı qardaşım da var. Tez-tez darıxanda atama deyirəm məni bura gətirir. Hətta bugünkü tədbirə də atam gətirib”.
Tədbirin aparıcılığını edən internat evinin 8-ci sinif şagirdi Əli Cəfərov isə burada təşkil olunan tədbirlərin əksəriyyətində aktiv iştirak etdiyini qeyd edib: “Eyni zamanda, idmanla da məşğul oluram. Burada trenajor zalında məşqlər edirəm”.
Burda təhsilini bitirdikdən sonra iqtisadiyyat sahəsi üzrə peşə məktəbinə daxil olmağı qarşısına məqsəd qoyan Ə.Cəfərov əlavə edib ki, ən böyük arzusu ali məktəbə qəbul olmaqdır: “Onsuz da ali təhsilə yiyələndikdən sonra hər şey öz axarına düşür. Arzu edirəm ki, bütün uşaqların istədikləri arzularının həyata keçsin”.
Şənlikdə diqqətçəkən məqamlardan biri də “Arzular ağacı” idi. Belə ki, internat evinin sakinləri Şaxta babadan arzuladıqları hədiyyələri açıqcalarda qeyd etmişdilər. Açıqcalarda kimisi geyimlər, kimisi peltlu maşınlar və ya oyuncaqlar, kimisi də kitab və dəftərlər istəmişdi.
Sonda internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.
Qeyd edək ki, internat məktəbi 1937-ci ildən 6 nömrəli Uşaq evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi olaraq fəaliyyət göstərib. İnternat məktəbində Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və yenidənqurma işləri aparılıb, bu ilin sentyabr ayında isə şagirdlərin istifadəsinə verilib. Məktəbdə 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı var.
Foto: Firi Salim