Bu gün BMT-nin İnkişaf Proqramı (UNDP) qadınların STEM-də (Science- Elm, Technology - Texnologiya, Engineering – Mühəndislik, Mathematics – Riyaziyyat) rolunu müzakirə etmək üçün dəyirmi masa təşkil edib.
“Report” xəbər verir ki, Beynəlxalq “İKT-də Qızlar Günü (“Girls in ICT Day”) ərəfəsində təşkil edilmiş tədbirdə dövlət orqanlarının, nazirliklərin, vətəndaş cəmiyyətinin və özəl sektorun 40-dan çox nümayəndəsi iştirak edib.
Dəyirmi masada qadınların STEM-dəki rolu müzakirə edilib, qadınların elm və texnologiyalar sahəsində iştirakının genişləndirilməsi strategiyası araşdırılıb, yerli və milli səviyyələrdə bu prosesin sürətləndirilməsində vacib rol oynayan əsas amillər müəyyən edilib.
Tədbir UNDP-nin Akselerator Laboratoriyasının həyata keçirdiyi “STEM-də qadınlar” kampaniyası çərçivəsində təşkil edilib.
UNDP-nin Rezident nümayəndəsinin müavini Çaru Bistanın sözlərinə görə, hazırda dünyada İKT sahəsində çalışanların yalnız 30%-i qadınlardır. Azərbaycanda bu rəqəmin dünyadakı orta göstəricidən yüksək olması sevindirici haldır.
“Həm təhsil, həm də digər sahələrdə qadınlar və qızlar üçün bərabər şərait yaradılmalıdır. UNDP Azərbaycanda qadınları, onların karyera məqsədlərini dəstəkləyir ki, bu da ümumilikdə cəmiyyətin inkişafına töhfə verir. Bu gün dövlət və özəl sektorla qadınların IT-də üzləşdikləri problemləri müzakirə edəcək, müzakirə aparacaq və ən uyğun həll yollarını tapmağa çalışacağıq.
UNDP, həmçinin münaqişədən əziyyət çəkmiş qadınlara dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirir. Qadınların yeni bacarıqlar əldə etməsi və iş tapması üçün Azərbaycanın Füzuli, Tərtər və Ağcabədi rayonlarında onlar üçün rəqəmsal texnologiyalar sahəsində təlimlər keçirilir”, - o deyib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyinin vacibliyindən bəhs edilir.
“Qadınlara bu cür layihələr vasitəsilə kömək etməklə bu məqsədlərə sadiq qalmaq bizim üçün çox vacibdir. Hər il hazırladığımız hesabatlarda dövlət qurumlarında və özəl sektorda gender bərabərliyinə riayət olunması təhlil olunur. Müxtəlif dövlət orqanlarından, məsələn AMEA-dan məlumatlar toplayırıq. Elmlər Akademiyasında qadın əməkdaşların sayı xeyli artıb, lakin rəhbər vəzifələrdə onların sayı azdır”, - o deyib.
Onun sözlərinə görə, müsbət tendensiyalardan biri Azərbaycan Texniki Universitetinin 10 mindən çox tələbəsinin 25%-nin qızlar olmasıdır. Əvvəllər isə bu təhsil müəssisəsində qızlar demək olar ki, oxumurdu.