TİKA-nın koordinatoru BANM-də olub

TİKA-nın koordinatoru BANM-də olub Görüşdə sözügedən şirkətin fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub
Elm və təhsil
11 Aprel , 2017 12:16
TİKA-nın koordinatoru BANM-də olub
BANM

Bakı. 11 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Türkiyə Baş Nazirliyi yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, agentliyin koordinator müavini Mehmet Ali Yetiş və əməkdaşı Abbas Hümbətovla görüşüb. 

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə sözügedən şirkət haqqında məlumat verilib və fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən E.Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib. O, TİKA tərəfindən Ali Məktəbin əməkdaşları üçün menecment və universitetlərin idarə olunması sahəsində təlim imkanlarının araşdırılması barədə söz açıb. Rektor qeyd edib ki, bu kimi təlimlər Ali Məktəbin əməkdaşlarının inkişafina xidmət edəcək.

Adəm Urfa agentliyin Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi müxtəlif layihələrdən danışıb, həmçinin qurumun fəaliyyəti haqqında məlumat verib.

O qeyd edib ki, TİKA-nın Azərbaycan da daxil olmaqla dünyanın 54 ölkəsində yüzdən çox əməkdaşlıq ofisi fəaliyyət göstərir: "TİKA-nın ilk proqram koordinatorluğu ofisi Türkmənistanda yaradılıb. Eyni zamanda dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir. TİKA-nın ilkin məqsədləri türk dilli respublikaların sosial strukturunun qorunması, onların davamlılığının təmin edilməsi, texniki infrastrukturuna dəstək göstərmək olub. İndiyədək TİKA tərəfindən təhsil, səhiyyə, quruculuq, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə bir çox layihə və proqramlar həyata keçirilib".

Görüşdə BANM ilə TİKA arasında konkret əməkdaşlıq sahələri barədə razılıq əldə olunub və A.Urfa rektoru bu əməkdaşlığın inkişaf perspektivlərinin dərindən araşdırılacağına əmin edib. 

Son xəbərlər

Orphus sistemi