“Telefon, qulaqlıq və başqa ötürücü funksiyası olan əşyalar olmaz, pəncərələri açmaq qəti qadağandır. Müraciətlərdən asılı olaraq qrup təşkil edib vaxt barədə məlumat verəcəyik. Bu qadağalarla üç gün qapalı şəraitdə (bunkerdə) qalmağa razısınız?” sualına uzun müddət susqun qalıb fikirləşib sizə geridönüş edəcəyəm deməklə kifayətləndim. Tərəddüdüm zirzəmidə üç gün şəraitsiz və havasız necə qalmağımla bağlı idi. Çünki “bunker” deyəndə ağlıma gələn ilk məkan zirzəmi idi.
Bir yandan sualların necə hazırlanmasına şahidlik etmək marağım var və “bunker”ə getmək istəyirəm, digər yandan üç gün qapalı şəraitdə qalmağı təsəvvürümdə canlandıranda tərəddüd edirəm.
“Bunker”də iştirak etmək məsələsinin məğzi isə belədir: Dövlət İmtahan Mərkəzi (DİM) Milli Mətbuat Günü münasibətilə “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında müsabiqə elan edib. Amma burada iştirakın ağır şərtləri var: üç gün ərzində heç kimlə əlaqə saxlanılmır, telefon, internetə qoşulmaq, hətta pəncərələri açmaq qəti qadağandır. Pəncərələri möhürlənmiş otaqlarda üç gün işləmək asan görünmür, amma bu da bir təcrübə olacaq, özü də hər zaman qazanılması fürsəti ələ düşməyən təcrübə...
Körpə Aizasız üç günün tərəddüdü və getmək qərarı
Əslində sayılı günlər və saatlardır, bir göz qırpımında keçəcək, yuxarıda qeyd etdiklərimin öhdəsindən gəlmək olar. Lakin “bunker”ə getməkdə qarşımı kəsən daha ciddi səbəbim var: 3 gün qızım Aizadan necə uzaq qalacağam? Körpə olduğuna görə hara getdiyimi də izah edə bilmirəm...
Uzun götür-qoydan sonra razılıq verirəm və hazırlıqlarımı görürəm. Mayın 5-dən 7-nə kimi qapalı şəraitdə qalacağıq. Qəbul imtahanları dövründə ekspertlər “bunker”də daha çox - 7 gün qalır. Bu, imtahanlarda iştirak edən abituriyent və məzunların, eləcə də fənlərin sayının çox olmasından irəli gəlir. Müxtəlif sahələr üzrə bazada 5 000-dən çox ekspert çalışır. Qaydalara görə bir imtahanda iştirak edən ekspert növbəti üç ilə qədər prosesdən kənarda saxlanılır. Sonrakı dəvət barədə də maksimum 2 gün öncə məlumatlı olurlar.
Qəti qadağalar
Əvvəldən təsdiqlənən təqvimə əsasən, mayın 7-si iki növ - tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan məktəbin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə, həm də Peşəkar Mühasib Sertifikatı (PMS) üzrə test imtahanı keçirilir.
“Bunker”də iştirak edəcək mətbuat nümayəndələrinə əvvəldən qapalı şəraitdə iş rejimi ilə bağlı təhlükəsizlik qaydalarını özündə əks etdirən təlimatlar da göndərilir. Telefon, disk, flaş, kəsici və deşici alət, qulaqlıq, smart saat, planşet, notbuk, içki, siqaret (elektron siqaret istisnadır) gətirmək qadağandır. Rahatlıq üçün zəruri olan şəxsi əşyaların gətirilməsi tövsiyə olunur.
“Bunker” barədə ən məlumatlı və təcrübəli adamın tövsiyələri
“Bunker”ə daxil olmazdan bir gün əvvəl, mayın 4-ü DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeydiyyatdan keçən jurnalistlərlə görüşür, qapalı şəraitdə iş rejimi və təhlükəsizlik barədə məlumat verir.
2 saata yaxın çəkən görüşdə o, üç günlük proses barədə ətraflı danışır.
DİM sədri söyləyir ki, sualların hazırlanması, qəbul imtahanlarının keçirilməsi ilə bağlı reallıqdan uzaq fikirlər geniş yayılıb, bu məsələlərlə bağlı “şəhər əfsanələri” dolaşır: “İnsanlar arasında elə təəssürat yaranır ki, ekspertlər imtahanla bağlı suallarda qərar qəbuledici şəxslərdir. İnsan bu prosesdə iştirak edir, amma qəbul edilən qərarlar onların istəklərindən asılı olmayaraq müvafiq alqoritm əsasında baş verir. Heç mən özüm də imtahana hansı sualların düşəcəyini bilmirəm, yalnız təsadüfi ədəd verəcəyəm”.
Amma o, qısa bir sirrin də üstünü açır və deyir ki, hər bir sahədən proqramlar üzrə sualları əhatə edən 500 minlik test bazası mövcuddur. Həmin bazada sualların asan, orta və çətinlik dərəcəsinə görə bölgüsü aparılır. İmtahan üçün suallar dillər üzrə ümum-Avropa çərçivə sənədinə əsasən B2 səviyyəsinə uyğun hazırlanır.
Sonda DİM sədri prosesin çətin olduğunu bir daha xatırladaraq jurnalistlərə uğurlar arzulayır.
Bu da haqqında əfsanələr dolaşan “bunker”
Mayın 5-i saat 08.45-də “bunker” mərkəzinin yerləşdiyi binaya gəlirik. Əvvəl düşüncəmdə şəhər kənarında bir yer canlansa da, məkan elə DİM-in binasında imiş, özü də zirzəmidə yox, yuxarı mərtəbədə.
İçəri daxil olandan sonra “bunker”də iştirak edəcək ekspert və mətbuat nümayəndələri bir otağa toplanır. Elan verilir ki, qadağan olunan əşyaları təhvil vermək lazımdır. Bu mərhələ də yekunlaşandan sonra hamını “bunker” mərkəzinin yerləşdiyi mərtəbəyə çıxarırlar. Kənar şəxslərin girişi üçün qadağan olunan qapalı zonaya girəndə qadın və kişilər ayrı-ayrılıqda təyin edilmiş əməkdaşlar tərəfindən detektorla ciddi yoxlanılır. Şübhəli və ya keçirilməsi qadağan olunan əşya aşkarlandığı təqdirdə jurnalda protokollaşdırılır.
Yoxlama mərhələsi tam bitdikdən sonra qeyd olunur ki, “bunker” mərtəbəsi təhlükəsizlik nöqteyi-nəzərdən bir gün qabaqdan detallı yoxlanılıb, əlavə heç nə yoxdur və yoxlanılan hər yer, gözlə görülə bilən ən xırda şey xüsusi nömrə ilə qırmızı rəngdə möhürlənib. Sanitar qovşağı və yataq otağından başqa hər yerdə müşahidə kameraları fasiləsiz işləyir.
İmtahan bitənə qədər heç kim “bunker” mərtəbəsindən buraxılmır. Üç gün müddətində “bunker”də bütün baş verəcək hadisələrə görə DİM-in Test bankı şöbəsinin məsul əməkdaşı Rəhman Mehralıyev məsuliyyət daşıyır. Burada olacağımız müddətdə nə baş verəcəksə, hamısı jurnalda qeyd ediləcək.
Proses yenə də qurum sədri Məleykə Abbaszadənin iştirakı və xeyir-duası ilə başlayır. O, seçdiyi təsadüfi ədədlə texniki tapşırığı təqdim edir. “Bunker”in ilk əsas işi bundan sonra başlayır. Test bankından test tapşırıqlarının seçilməsi, variantların alınması, yerdəyişmələrin aparılması üçün kompüter proqramları icra edildikdə tələb olunan təsadüfi ədədlər “bunker”də iştirak edən ekspert və mətbuat nümayəndələri tərəfindən təklif olunur. Həmin ədədlər bunker jurnalında qeyd edilir və müvafiq imzalarla təsdiqlənir.
Yüzminlərlə gəncin taleyini dəyişən suallar belə seçilir
Kağız daşıyıcı vasitəsilə imtahan verən namizədlər üçün sual kitabçaları fərdi qaydada çap olunur. Test tapşırıqları 2 variantda (1 orijinal komplektdən iki törəmə, imtahandan asılı olaraq 4 dörd törəmə də ola bilər) hazırlanır və bankdan ilkin seçmədə iki komplektdə çıxarılır. Onlardan əsas kimi bir komplekt hazırlanır. Əgər bir test tapşırığı üçün hər hansı sual mübahisə doğurarsa, digər komplektdəki sualdan istifadə oluna bilər.
Ardınca Azərbaycan dili imtahanının təsadüfi ədədlə seçilən dinləmə mətnləri disklərə yazılaraq aidiyyəti üzrə çapa göndərilir. Ekspertlərə gələn sualların hamısında cavab A variantıdır. Cavab və sualların ardıcıllığı son nəşrdə qarışdırılır.
Ekspertlər imtahana düşəcək test suallarının məzmununa, qrammatik və ya orfoqrafik səhvlərə, faktların zamana uyğunluğuna baxırlar. Bir sözlə bu, “qırmızı qələm” funksiyasını icra etməkdir. Yüzminlərlə şagird, məzun və abituriyentin taleyində dönüş yaradacaq anları bir neçə təsadüfi seçilmiş rəqəmlər həll edir. Sual seçimini də bu rəqəmlər əsasında kompüter seçir. Yəni heç bir insan müdaxiləsi və seçimi mümkün deyil. Ekspertlər isə suallara sonuncu baxış funksiyasını icra edirlər. Əsasən suallarda heç bir dəyişiklik edilmir.
Daha sonra cavab vərəqələrinin formatı verilir. Açıq tipli sualların formatına uyğun olaraq cavab kağızı formalaşır. Suala aid struktur cavab kartında olmalıdır. Ekspertlərin seçdikləri suallar əsasında bir variantlı sual kitabçaları yenidən çap olunur. Sonrakı müddətdə suallar bir daha nəzərdən keçirilir. Bu müddətdə ekspertlərə kitabçalarla dəhlizə çıxmaq qəti qadağandır.
Vaxtilə “bunker” mifinə inanan ekspertlər indi nə düşünür?
Bakı Mühəndislik Universitetinin Maliyyə və mühasibat kafedrasının dosenti, PMS üzrə ekspert Elsevər İbadov çox adam kimi o təəssüratda olub ki, “bunker” binanın alt mərtəbəsində, gün işığı düşməyən, hər yan divarlarla bağlı yerdir: “Bunker”ə cəlb olunanda müəyyən meyarlar nəzərə alınır. Çünki burada bilik, savad, həvəslə yanaşı konfidensiallıq, etibarlılıq meyarları çox vacibdir. “Bunker” zirzəmidə olsa belə, yenə gələcəkdik”.
DİM əməkdaşı Mehriban Cəfərsoyun sözlərinə görə, “bunker” barədə insanlar arasında mif yayılıb, insanlar düşünür ki, burada iştirak edən ekspertlər sualları əvvəldən bilir və hazırladığı abituriyentə verir: “Hansısa ekspert desə ki, “bunker”də olmuşam və imtahana düşəcək sualları bilirəm və özümlə götürəcəyəm, bu tamamilə ağ yalandır. “Bunker”dən ancaq imtahan bitəndən sonra çıxılır. İmtahan prosesinə və ya iştirakçılara müdaxilə mümkün deyil”.
Digər ekspert Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili müəllimi Aynurə İsmayılova bəzi imtahan suallarının müəllifidir: “Bunker”də imtahanlar üçün məqbul və ya qeyri-məqbul hesab olunan testləri və mətnləri analiz edirik. Kim düşünürsə ki, biz burada sualları özümüz yazırıq, yaxud imtahan üçün öz istədiyimiz sualları seçirik, təbii ki, yanlış düşünür. Sual seçimi tam təsadüf əsasında aparılır”.
Mayın 6-sı saat 10.00-da Azərbaycan dili üzrə, axşam saat 21.00-da isə PMS ekspertləri işlərini bitirir.
Test tapşırıqlarının yekun hazır variantı diskə yazılaraq DİM nəzarətçiləri tərəfindən çapa göndərilir. Çap prosesi zirzəmidə baş verir. Bütün növ imtahanlarda hər bir imtahan iştirakçısı üçün imtahan zalları üzrə fərdi sual kitabçaları hazırlanır. Sual kitabçaları xüsusi möhürlənmiş qutuların içərisində liftə bənzər qurğu vasitəsilə parkinqə salınır. Azərbaycan dili imtahanının sual kitabçaları 6-cı gün günortadan sonra təyin olunmuş nəqliyyat vasitələri ilə bölgələrə, imtahan günü səhər saatlarında isə Bakıdakı məktəblərə nəzarətçilər vasitəsilə paylanılır.
İmtahanların başlamasına az müddət qalmış etalon cavablar təsdiqlənməsi üçün “bunker”ə gətirilir. Bazar günü imtahan bitməsinə yarım saat qalmış qapıdakı möhür açılır və mərtəbəni tərk edirik. Artıq imtahan zallarından nəzarətçilərin müşayiəti ilə sual və cavab vərəqləri gətirilərək təhvil verilir və protokollaşdırılır. Hər bir qutunun üzərində ayrı kodlaşdırma nömrələri və plomblar var.
İmtahanlarda düzgün cavabların seçilməsi qaydası
İmtahan bitəndən sonra da ekspertiza aparılır. Dəvət olunmuş ekspert imtahan materiallarından düzgün cavabları çıxarır və ona təqdim olunan etalonla müqayisəsi aparılır. Yəni imtahan materiallarında hər şeyin qaydasında olması təsdiqlənir. Sonda şablon əsasında imtahanverənlərin cavabları yoxlanılır. Əslində sadə görünən bir proses imtahan nəticələri elan olunana kimi 3-4 dəfə yoxlamadan keçir.
Yazılı sualları isə marker müəllimlər yoxlayır. Hər suala uyğun şablon qiymətləndirmə meyarı mövcuddur. Tərəddüdlü hal olduğunda marker qiymətləndirməni aparır, ekspertlər yenidən qiymətləndirmə aparılması üçün tərəddüd düyməsini sıxır. Hər bir yazılı suala iki marker qiymət verir.
Bu da 3 günlük “bunker” mühitinin sonu. Bir daha xatırladım ki, “bunker” eksperti imtahan suallarını hazırlamır, ancaq yoxlanış funksiyasını görür.
Yazı Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur.
Foto: Firudin Səlimov