Təhsil Nazirliyi Azərbaycanda test imtahanlarının ləğv ediləcəyi barədə məlumatlara münasibət bildirib

Təhsil Nazirliyi Azərbaycanda test imtahanlarının ləğv ediləcəyi barədə məlumatlara münasibət bildirib Nazir müavini: "Söhbət gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının müəyyən qaydada təkmilləşdirilməsindən gedir”
Elm və təhsil
435
29 Avqust , 2017 12:14
Təhsil Nazirliyi Azərbaycanda test imtahanlarının ləğv ediləcəyi barədə məlumatlara münasibət bildirib
Report.az

Bakı. 29 avqust. REPORT.AZ/ “Söhbət test imtahanlarının ləğvindən yox, gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının müəyyən qaydada təkmilləşdirilməsindən gedir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov deyib.

O bildirib ki, hazırda prosesə başlanılıb: “Biz bu il IX siniflərdə orta təhsil səviyyəsində buraxılış sinfində həyata keçirilən imtahanlara nəzər salsaq, bunun fərqli bir format olduğunu görərik. Həmin imtahanlar 2 mərhələdən ibarət olub. IX sinfin buraxılış imtahanlarının ilkin mərhələsi mart ayında, ikinci mərhələ iyun ayında keçirilib. Həmin mərhələlərin qiymətləndirilməsində müəyyən fərqlər müşahidə olunub.

Şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, Ana dili fənnindən esse, Riyaziyyat fənnindən yenə də yazılı misal-məsələlərin həlli, ikinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verirdi. Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il öncə yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Bu sistemdə nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsinə başlanılıb”.