Təhsil Nazirliyi: Artıq əvvəldən müəyyənləşdirilən deyil, fərqlənən tələbələr təqaüd alacaq

Təhsil Nazirliyi: Artıq əvvəldən müəyyənləşdirilən deyil, fərqlənən tələbələr təqaüd alacaq Sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk peşə təhsili müəssisələrinin şagirdlərinə aid deyil
Elm və təhsil
11 Noyabr , 2015 09:41
Təhsil Nazirliyi: Artıq əvvəldən müəyyənləşdirilən deyil, fərqlənən tələbələr təqaüd alacaq

Bakı. 11 noyabr. REPORT.AZ/ "Prezident İlham Əliyevin imzaladığı "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncamına dəyişikliyin edilməsi barədə sərəncamla ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq. Bir şərtlə ki, semestrin nəticələrinə görə akademik göstəriciləri yüksək olsun". "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu sərəncam təqaüdün həqiqi təyinatını ortaya qoyub: "Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəricilərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni, istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələrində dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvvəldən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər. Yəni, indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəldən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır".

Bundan başqa, məcburi köçkün, şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsi də burada yer alıb. "Bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur. Yəni, indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə, bundan sonra həmin qrupa aid olan tələbələr həm də təqaüd ala biləcəklər. Bir sözlə, bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir" - o, əlavə edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, I semestr istisna olmaqla, bütün tələbələr oxuyaraq təqaüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər: "Artıq əvvəldən müəyyənləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcək. Yeri gəlmişkən, bir şeyi qeyd edim ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk-peşə təhsili müəssisələrinin şagirdlərinə aid deyil".

Xatırladaq ki, dünən Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" 2013-cü il 30 avqust tarixli sərəncamda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi