Tədris əyani, yoxsa onlayn olsun?

Tədris əyani, yoxsa onlayn olsun? Növbəti tədris ilinin başlamasına cəmi bir həftə qalır. Məlum olduğu kimi, koronavirus pandemiyası ilə bağlı bu dəfəki tədris ili əvvəlkilərdən fərqli, yəni dərslərə getmək vacib olmayacaq. Daha doğrusu şagirdlərin ənənəvi şəkildə dərsə getmələri, yoxsa o
Elm və təhsil
18879
7 Sentyabr , 2020 14:53
Tədris əyani, yoxsa onlayn olsun?

Növbəti tədris ilinin başlamasına cəmi bir həftə qalır. Məlum olduğu kimi, koronavirus pandemiyası ilə bağlı budəfəki tədris ili əvvəlkilərdən fərqlənir, çünki dərsə getmək vacib olmayacaq. Daha doğrusu, şagirdlərin ənənəvi şəkildə dərsə getmələri, yoxsa onlayn formada evdə dərs keçmələrinə dair qərar vermək valideynlərin seçiminə qalacaq.

Təhsil Nazirliyindən bildiriblər ki, övladını dərsə göndərmək istəməyən valideynlərlə imzalanacaq xüsusi müqaviləyə görə onlar şagirdin məsafəli tədris keçmələrinə məsuliyyəti öz üzərlərinə götürəcəklər. Çünki şagirdin dərsə getməsinə və ya onlayn formada tədris almasına baxmayaraq, məktəbin keçirdiyi sınaq tədbirlərində bilikləri eyni əsasla qiymətləndiriləcək.

Hazırda Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, nazirlikdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris-təlim və tərbiyə işlərinin təşkili qaydaları üzərində işlər görülür. Biz də “Report” olaraq valideynlərin övladlarını dərsə göndərmək fikrində olub-olmamalarını və bu barədə qərarı hansı səbəbdən verdiklərini öyrənmək istədik.

Sorğumuzda iştirak edən valideynlərin 60 faizi övladlarını dərsə göndərmək istədiklərini, bunun üçün nə lazımdırsa tədarük gördüklərini bildiriblər. Məsələn, birinci sinif şagirdlərinin valideynlərinin fikrincə, erkən yaşda onlayn dərs keçmək məqsədəuyğun deyil, çünki uşaq məktəbə gedib tədris ab-havasına alışmalı, intizamı mənimsəməlidir. Daha yuxarı sinif şagirdlərinin isə valideynlərinin fikrincə, onsuz da hər il mövsümi olaraq tənəffüs yollarının xəstəlikləri baş qaldırdığından uşaq məktəbə getmədən də həyət-bacada yoluxub xəstələnə bilər. Odur ki, əsas məsələ uşağın immun sistemini gücləndirməkdir.

Bəzi valideynlər övladlarının evdəki məşğələlərinə nəzarət etmək üçün vaxtlarının olmamasını əsas gətiriblər. Həmçinin sürətli internet xidmətlərinin olmaması üzündən evdə onlayn dərs oxumağın müşkül olduğunu da söyləyənlər oldu.

Sorğumuzun iştirakçılarından ənənəvi tədris formatının əleyhdarı olan 30 faiz isə məktəblərdə sanitariya-gigiena qaydalarına lazımınca əməl edilmədiyini qeyd edirlər. Bəziləri isə həftədə iki dəfə dərsə getməyin faydası olmadığının qənaətindədirlər.

Qalan 10 faiz isə müəyyən bir fikrə gəlməyiblər.

“Məktəblinin dostu” layihəsinin psixoloqu Mehriban Verdiyeva şagirdlərin dərsə getmələrinə tərəfdardır: “Uşaqlar sosiallaşmalıdır. Mart ayından şagirdlər məktəbə getmir, bu məsələ uzanarsa, onlara ənənəvi tədrisə alışmaq çətin olacaq. Onsuz da valideynlər övladlarını bütün xəstəliklərdə qoruya bilməzlər. Əsas məsələ şəxsi gigiyena qaydalarını uşağa başa salıb öyrətməkdir”.

Məktəbə getməyin təkcə dərs oxumaq yox, həm də müstəqil, intizamlı olmaq, yaşıdları ilə ünsiyyət qurmaq imkanları formalaşdırması, beləcə şəxsiyyətin təkamülü baxımdan da zəruri olduğunu diqqətə çatdıran ekspert uşaqların erkən yaşda cəmiyyətə qaynayıb-qarışmasının gələcək inkişafları üçün mühüm olduğunu vurğulayıb.

Xatırladaq ki, sentyabrın 15-də tədris ibtidai siniflərdə əyani formada bərpa olunacaq, V-XI siniflərdə isə onlayn qaydada dərslər keçiriləcək. V-IX sinif şagirdləri oktyabrın 1-də,  X-XI sinif şagirdləri həmin ayın 15-də ənənəvi şəkildə məktəbə gedəcək. Oktyabrın 1-dən isə məktəbəhazırlıq qruplarında tədris başlayacaq. Əyani dərslər həftədə iki-üç dəfə keçiriləcək.

Emiliya Abbasova

Son xəbərlər

Orphus sistemi