“Statoyl Azərbaycan” Bakı Ali Neft Məktəbində seminar keçirib

“Statoyl Azərbaycan” Bakı Ali Neft Məktəbində seminar keçirib Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Norveç dövlət neft şirkəti - “Statoyl” tərəfindən “Late Life Reservoir Management” – “Yatağın sonrakı istismarının idarə olunması” mövzusunda seminar keçirib. 
Elm və təhsil
1 Noyabr , 2017 12:40
“Statoyl Azərbaycan” Bakı Ali Neft Məktəbində seminar keçirib
BANM

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Norveç dövlət neft şirkəti - “Statoyl” tərəfindən “Late Life Reservoir Management” – “Yatağın sonrakı istismarının idarə olunması” mövzusunda seminar keçirib. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, tədbirdə rektor Elmar Qasımov, “Statoyl Azərbaycan” şirkətinin rəhbəri Favad Quraişi və onun rəhbərlik etdiyi nümayəndə heyəti, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər. 

Seminar “Statoyl” şirkətinin Rezervuar texnologiyaları üzrə baş müşaviri, neft sənayesində 30 ildən çox təcrübəyə malik həmyerlimiz Qürbət Ağayev tərəfindən keçirilib.

Seminarı Elmar Qasımov açaraq tədbir iştirakçılarını salamlayıb və “Statoyl Azərbaycan” tərəfindən bu cür əhəmiyyətli və lazımi seminarın keçirilməsində göstərilən təşəbbüsə görə şirkətin prezidenti Favad Quraishiyə və Qürbət Ağayevə öz təşəkkürünü bildirib.

Qürbət Ağayev böyük həvəslə BANM-in tələbələrinə “Statoyl” şirkətinin fəaliyyəti, daha sonra isə şimalın ən böyük neft yatağı olan “Statjford”un yarandığı gündən bu günə qədər keçdiyi inkişaf yolu, fəaliyyət istiqamətləri və uğurları haqqında danışıb. O, iştirakçılarla neft-qaz sahəsinin strukturu, sahə drenaj strategiyaları, depressurizasiya (qapalı sahədə qaz təzyiqinin azaldılması), rezervuar parametrləri, bu istiqamətdə cari trendlər və digər mövzular üzrə tələbələrə geniş məlumat verib.

Qeyd edək ki, Q.Ağayev Azərbaycan, Rusiya və Norveçdə müxtəlif şirkətlərdə elmi tədqiqatçı və rezervuar mühəndisi kimi 12 illik təcrübədən sonra 1999-cu ildə “Statoyl” şirkətinə qoşulub. O həm “Statoyl”un, həm də partnyor şirkətlərin istismarında olan yataqlar üzrə Norveçdə və onun hüdudlarından kənarda böyük təcrübəyə malikdir.

Sonda BANM-in tələbələri “Statoyl”un əməkdaşına onları maraqlandıran sualları ünvanlayıblar.       

Son xəbərlər

Orphus sistemi