Bakı. 28 fevral. REPORT.AZ/ Sabah Bakı Ali Neft Məktəbi (BANM) və "ASAN xidmət"in "ASAN Könüllülük" Məktəbinin birgə layihəsi olan karyera sərgisinin açılışı olacaq.
Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
BANM-ın kampusunda təşkil ediləcək sərgi martın 1-də saat 10:00-dan 17:00-dək davam edəcək. "ASAN Könüllülük" Məktəbinin “ASAN kadr” karyera mərkəzi tərəfindən layihələndirilən karyera sərgisinin əsas məqsədi ölkənin aparıcı şirkətləri ilə öz karyeralarını qurmaq istəyən potensial gənc kadrları görüşdürmək və hər iki tərəfin bundan yararlanmasına şərait yaratmaqdır.
Sərgidə 50-dən çox şirkət artıq öz iştirakını təsdiq edib. Bu şirkətlərə SOCAR, Paşa Siğorta, Gilan Holdinq, EY, KPMG, Delloitte, PwC Azerbaijan, Azercell, BP Exploration Caspian Sea Azerbaijan, Atəşgah Siğorta, Azər Türk Bank, Fireworks HR Agency, Coca-cola Bottlers Ltd, Azərsun Holding, Holday İnn Hotel Baku, Kapital Bank ASC, JW Marriott Absheron Baku, Rabitabank ASC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Silk Way Bank, European Tobacco Baku ASC, SOCAR Polymer, Kapital Bank ASC, NOVA Digital Solutions, NOVCO Group və başqaları daxildir. Sərgidə iştirak edən gənclər həmin şirkətlərin insan resursları üzrə mütəxəssislərilə görüşmək, CV-lərini təqdim etmək şansı əldə edəcəklər. Burada işəgötürənlər və namizədlər üçün üz-üzə görüşlərin təşkil olunması və məlumat mübadiləsi məqsədilə əlaqələrin qrurulması üçün çox gözəl şərait yaradılacaq.
Qeyd edək ki, BANM və "ASAN xidmət" gənc mütəxəssislərin işlə təmin olunması məsələrinə hər zaman xüsusi diqqət yetirən müəssisələr sırasındadır. Xatırladaq ki, BANM-ın ötən ilki məzunlarının 100%-i artıq işlə təmin olunub, "ASAN Könüllülük" Məktəbindən isə bu günə kimi 860-dən çox məzun "ASAN kadr" işlə təmin edilib.