Bakı. 19 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə yeni sınaq imtahanı keçirəcək.
Mərkəzdən "Report"a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 3 mart saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı 3 mart 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və 1-ci növbə imtahanı saat 10:00-da, 2-ci növbə isə saat 14:00-da başlayacaq.
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.
*Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.