Türkiyə-Azərbaycan Universitetində dərsləri tədris etmək üçün Türkiyədən müəllimlər göndəriləcək.
Bunu “Report”un Ankara bürosuna müsahibəsində Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran deyib.
Qeyd edək ki, TAU-da kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi sahəsində İstanbul Texniki Universitetinin (İTU) qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
Rektorun sözlərinə görə, müqavilə şərtlərində də göstərilir ki, Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək universitetin müəllim heyəti İTÜ, ODTÜ və Hacettepe universitetlərindən dəvət olunacaq.
“Yəni buradan müvəqqəti gedən müəllimlərlə yanaşı, daimi dərs demək üçün orada yaşayan müəllimlərimiz də olacaq. Kadr məsələsi tamamən TAU tərəfindən idarə ediləcək bir məsələdir”, - o deyib.
Dr. M.C.Güran qeyd edib ki, I kurs tələbələrinə keçiriləcək dərslər ilk mərhələdə dörd müəllimlə idarə oluna bilər:
“Deyək ki, birinci kursda ixtisas üzrə bir dönəmdə həftədə 6-7 dərs olur. Müəllim iki həftədə 12-14 dərsi birləşdirib, gedib iki gün dərsini verə bilər. Bu minvalla II kursda akademik kadr ehtiyacı da artmaqla müəllim sayı ikiqat artar. Yəni bu ardıcıllıqla davam edəcək. Daha yuxarı kurslarda 15-20 müəllimə ehtiyac ola bilər. O halda müəllimlərin hamısı buradan mütəmadi gedib-gəlməyəcək. 3-4-ü orada daimi işə alınacaq”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.