Sentyabrın 12-13-də geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər.
Bu barədə "Report"a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, Günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.
Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər.
Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. Sentyabrın 10-da baş verən tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək.
Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq.