Dünya şöhrətli alim, ABŞ-nin Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbələri ilə görüşüb.
“Report” xəbər verir ki, görüşdə Əziz Səncərin elmi fəaliyyəti və nailiyyətlərindən geniş bəhs edilib.
BDU rektoru Elçin Babayev türk dünyasının tanınmış oğlu Əziz Səncərin Azərbaycanın ən qədim və böyük universiteti olan Bakı Dövlət Universitetini ziyarət etməsinin fəxr olduğunu bildirib:
"Əziz Səncərin elmi nailiyyətləri və tədqiqatları təkcə elm dünyasında deyil, həm də bütün insanlıq üçün böyük əhəmiyyət kəsb edir. Əziz Səncərin həyatı və fəaliyyəti gənclər üçün nümunədir. Bu, onu göstərir ki, təhsildə və elmdə zəhmət dünyanın hər yerində ən yüksək mükafatlara layiq görülə bilər".
Rektor diqqətə çatdırıb ki, Əziz Səncərin elmi irsi və tədqiqatları bəşəriyyətin ən vacib problemlərindən biri olan xərçəngin müalicəsində yeni üfüqlər açır:
"Görkəmli alimin tədqiqatları və əldə etdiyi uğurlar milyonlarla insana ümid, bu sahədə aparılan elmi işlərə yeni bir istiqamət verir. Bugünkü seminarın mövzusu da müasir elmin ən vacib istiqamətinə - DNT-nin bərpası və beyin xərçənginə həsr olunub. BDU elm və təhsil sahəsində davamlı yeniliklərə və irəliləyişlərə sadiqdir.
Bizim məqsədimiz gənc alim və tələbələrə dünya səviyyəli təhsil və tədqiqat imkanları təqdim etməkdir. Professor Əziz Səncər kimi nüfuzlu alimlərin BDU-nu ziyarət etməsi və biliklərini paylaşması bu məqsədə çatmaqda bizə kömək edir".
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında Əziz Səncərin türk dünyasının təbiət elmləri üzrə Nobel mükafatına layiq görülən tək görkəmli alimi olduğunu deyib:
“Biokimya kimi çətin bir sahədə bu nüfuzlu mükafatı qazandığına, belə yüksək zirvəni fəth etdiyinə görə minnətdarıq. Alim birinci növbədə öz ölkəsini, Vətənini sevməlidir. Bu mənada Əziz Səncər türk dünyasının böyük oğlu, əsl vətənpərvərdir. Bizim gənclər Əziz Səncərin həyat və fəaliyyətindən, verdiyi dərslərdən örnək almalıdırlar”.
“Can Azərbaycanın qəlbimdə ayrıca yeri var, bura sevərək gəlirəm”, - deyən professor Əziz Səncər özünü həm də Azərbaycan vətəndaşı hesab etdiyini bildirib.
Daha sonra professor Əziz Səncər “DNT-nin bərpası və beyin xərçəngi” adlı təqdimatla çıxış edib. DNT-nin bərpası, onun genetik quruluşunun qorunmasından bəhs edən alim bu sahədə araşdırmaların 40 ildən çoxdur ki, aparıldığını bildirib. Əziz Səncər qeyd edib ki, xərçəngin qarşısını almaq, inkişafını dayandırmağın ən yaxşı və asan yolu siqaret çəkməməkdir.
Tütün məhsulları, xərçəngin müalicəsində istifadə edilən dərmanlar, ultrabənövşəyi şüalar DNT-nın pozulmasına səbəb olur. Bunların tərkibindəki kimyəvi maddələr DNT-nin quruluşunu pozur. Bunun nəticəsində isə xərçəng yaranır. Çox siqaret çəkən insanlarda DNT özünü bərpa edə bilmir və quruluşu pozulur.
Əziz Səncər yaxın gələcəkdə tədqiqat nəticələrinin xərçəngin müalicəsində tətbiq ediləcəyinə ümidvar olduğunu bildirib.