AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərqin böyük mütəfəkkiri, şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilən ekspozisiya daha bir qiymətli eksponat hesabına zənginləşib.
"Report" xəbər verir ki, Xalq rəssamı Natiq Əliyevin 20 il əvvəl ərsəyə gətirdiyi və Hələbdə (Suriya) Nəsiminin dəfn olunduğu məkana vurulması üçün nəzərdə tutulan barelyef bu ekspozisiyaya daxil edilib.
Muzeyin direktoru Rafael Hüseynov bildirib ki, sözügedən sənət əsərini tanınmış jurnalist Qulu Məhərrəmli vaxtilə Hələbə aparmaq üçün hazırlatdırıb.
Q.Məhərrəmli 1990-cı ildə Hələbdə Nəsiminin məzarını ziyarət etdiyini və şairin dəfn edildiyi ərazidə onun kimliyi haqqında heç bir məlumat lövhəsinə rast gəlmədiyini xatırladıb.