Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan Baker Hughes-un Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib.
BANM-dən “Report”a daxil olan məlumata görə, görüşdə BANM-ın rektoru Elmar Qasımov, Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Qreiq Rasel Lindsay, şirkətin miqrasiya üzrə meneceri Tural Ahmad və BANM-ın əməkdaşları iştirak ediblər.
E.Qasımov Ali Məktəbin Baker Hughes-la yaranmış sıx əməkdaşlığından məmnun olduğunu bildirib. Rasel isə BANM-ın şirkətdə 3 ay yay təcrübəsi keçmiş tələbələrindən çox razı qaldığını, onların bilik və dünyagörüşünün Baker Hughes-ın standartlarına tam cavab verdiklərini qeyd edib. O həmçinin bildirib ki, şirkət BANM-dan növbəti təcrübəçiləri seçmək və onları 3 ay müddətində şirkətin işlərinə cəlb etmək və təlimlər keçmək niyyətindədir.
Rektor Elmar Qasımov Baker Hughes-un Azərbaycan və Gürcüstan üzrə direktorunu növbəti ay Ali Məktəbin tələbələrini motivasiya etmək üçün böyük seminar keçməyi təklif edib. Rasel təklifi qəbul edib.
Görüşdə həmçinin iki tərəfli əlaqələrin genişləndirilməsi üçün əməkdaşlığın bır sıra yeni istiqamətləri müzakirə edilib.
Qeyd edək ki, şirkət artıq neçə ildir ki BANM ilə müqavilə əsasında əməkdaşlıq edir. Baker Hughes neft və qaz sənayesində innovativ xidmətlər, məhsul və texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli şirkət olaraq dünyanın 80-dən artıq ölkəsində fəaliyyət göstərir və ümumilikdə 58 000-dən çox işçiyə sahibdir. Eyni zamanda, Baker Hughes şirkəti 11 texnoloji mərkəzə malik olaraq elm və texnologiya sahələrinə ən çox investisiya yatırımı edən şirkətlər sırasındadır.