Təhsil Nazirliyi bu həftənin şənbə günündən "Mədəniyyət" kanalında yeni "Dərsdən sonra" adlı verilişin yayımına start verəcək.
"Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, 40-45 dəqiqəlik proqramda məktəbdən kənar fəaliyyətlə bağlı mövzulara toxunulacaq: "Söhbət rəqsdən tutmuş, rəsm, musiqi və məktəbəqədər yaşda uşaqların diqqətində olan məsələlərlə bağlı televiziya proqramının yayımından gedir. Güman edirəm ki, bu proqram məktəblilərimizin diqqətini cəlb edəcək və xoşlarına gələcək".
Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.