Bakı. 19 dekabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda 1 267 elmlər doktorundan 939 nəfəri, 10 444 fəlsəfə doktorundan 5 011 nəfəri təhsil sistemində çalışır. Beləliklə, ölkədə fəaliyyət göstərən alimlərin yarısı təhsil sistemində çalışır". "Report" xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı isə təxminən 63,9% təşkil edir: "Fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə isə onların 30 yaşa kimi 0,7%, 61 yaşdan yuxarı olanlar isə təxminən 18%-dir. Yaranmış vəziyyəti nəzərə alaraq bir sıra tədbirlər görməyi nəzərdə tuturuq. Belə ki, ilk növbədə doktorantura təhsil səsviyyəsində qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsi, o cümlədən doktoranturanın təşkili və onu məzmununu müəyyənləşdirən normativ hüquqi səndələrin hazırlanması, təhsil proqramlarının hazırlanması və təsdiqi, doktorantura səviyyəsində təhsilin Boloniya prosesinə uyğunlaşdırılması və bu təhsilin keyfiyyətinin yüksəldilməsi, adambaşına maliyyələşmənin tətbiqi istiqamətində iş aparılır. Bugünkü təhsil sistemimiz çevik və ömür boyu öyrənmək imkanına malik kadrları formalaşdırmağı bacarmalıdır".