Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şəhər və rayon təhsil şöbələrinin əməkdaşları və muxtar respublika ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikasiyası ilə bağlı onlayn müşavirə keçirilib.
Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, onlayn qaydada keçirilən müşavirədə Təhsil naziri Rəhman Məmmədov son illər muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan mühüm addımlardan danışıb.
Təhsil naziri bildirib ki, muxtar respublika ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib. Qaydaya əsasən, 2020/21-ci tədris ilindən başlayaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb olunacaqlar.
Prosesin şəffaf və obyektiv təşkili məqsədilə 5 üzvü Təhsil Nazirliyi, 2 üzvü isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı olmaqla, ümumilikdə 7 nəfərdən ibarət Sertifikatlaşdırma Şurası yaradılıb.
Nazir Şuranın Əsasnaməsi ilə bağlı müvafiq tapşırıqlar verib, Şura üzvləri arasında vəzifə bölgüsü aparıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən birgə keçiriləcək sertifikasiya 2 mərhələdə - test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılacaqdır.
Bildirilib ki, sertifikatlaşdırmanın test mərhələsində minimum 30, müsahibə mərhələsində isə azı 20 bal toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunacaq və onlara sertifikat veriləcək. Lakin hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, eyni zamanda uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçməyəcəklər. İlk dəfə işə qəbul olunanlar 5 ildən sonra sertifikasiya olunacaqlar.
Nazir qeyd edib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Qaydaya əsasən təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər və təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
Bildirilib ki, sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edəcəklər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edəcəklər.