2018-ci ildən bu günədək müəllimlərin işə qəbul müsabiqəsində (MİQ) yüksək nəticə göstərən gənclərdən 1027-si müəllim, 258-i isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 1285 gənc kadr işlə təmin olunub.
Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, 2023-2024-cü tədris ili üçün də Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən MİQ-ə müxtəlif ixtisaslar üzrə 200 vakant yer çıxarılıb, elan olunan vakansiyaya 1352 kadr qeydiyyatdan keçib.
3-14 iyul tarixlərində keçirilən MİQ imtahanında 966 namizəd keçid balını toplayıb, onlardan 136-sı ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayıb. Bu tədbirlərin davamı olaraq sentyabrın 14-dən ümumtəhsil müəssisələrində vakant yerlərin kadr təminatını ödəmək üçün MİQ imtahanında tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin muxtar respublikada ilk dəfə olaraq müddətli müqavilə əsasında işə qəbulu prosesi həyata keçirilib. Namizədlərə Azərbaycan, İngilis, Rus, Alman dili, İbtidai sinif, Riyaziyyat, İnformatika, Tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya, Təsviri incəsənət, Musiqi, Fiziki tərbiyə müəllimliyi olmaqla 138 vakant iş yeri təklif olunub. Təklif olunan vakant yerlərdən 66-sı namizədlər tərəfindən seçilib. Onlar sentyabrın 18-dən başlayaraq ümumtəhsil məktəblərində işlə təmin olunub. Müəllimlərlə əmək müqaviləsi 18 sentyabr tarixindən bağlanılıb. 14 iyun 2024-cü il tarixdən isə müəllimlərin əmək müqaviləsinə xitam veriləcək. Qeyd edək ki, həmin yerlər 2024-2025-ci tədris ilində keçiriləcək MİQ imtahanında vakansiyaya çıxarılacaq.
Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, işə qəbul edilən 66 müəllimdən 21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu, 14-ü isə şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün ümumilikdə 202 müəllim işlə təmin olunub ki, onlarında əksəriyyəti gənclərdir.