Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış pedaqoq Məhəmmədiyyə Məhəmmədovla görüş keçirilib.
“Report” xəbər verir ki, görüşdə ADPU-nun rektoru Cəfər Cəfərov, tədris işləri üzrə prorektor Eldar Aslanov, M.Məhəmmədovun ailə üzvləri iştirak ediblər.
Rektor C.Cəfərov görüşün səbəbkarın nəvəsi Sevda Kamranın universitetin rəhbərliyinə ünvanladığı məktubun nəticəsi olaraq keçirildiyini diqqətə çatdırıb.
Məktubdan sitatlar gətirən rektor qeyd edib ki, hazırda 85 yaşında olan Məhəmmədiyyə Məhəmmədov ömrünün 57 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib: “Həyatda müəllimlik peşəsini şərəfli və müqəddəs peşə bilən M.Məhəmmədov böyük həvəslə pedaqoji fəaliyyətlə məşğul olub, riyaziyyat fənnini sevə-sevə şagirdlərə tədris edib, yüzlərlə bilikli, bacarıqlı mütəxəssislərin yetişməsi üçün əzmlə, fədakarlıqla çalışıb”.
Görüşdə Məhəmmədiyyə Məhəmmədov pedaqoji fəaliyyətinin 57 ili münasibətilə universitetin Fəxri Fərmanı ilə təltif edilib.
“Report”a təəssüratlarını bölüşən Məhəmmədiyyə Məhəmmədov bildirib ki, 57 ildir müəllim işləsə də, orta təhsillidir: “Fikrim ali təhsil almaq idi. 1963-cü ildə Riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olsam da, müəyyən səbəblərdən təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım, arzusunda olduğum universitetdən məzun ola bilmədim. Deməli qismət olmadı. Özüm ali təhsil ala bilməsəm də, qarşıma məqsəd qoydum ki, övladlarımın hamısını da ali təhsilli edə bilim. Bu arzuma da çatdım. Qızım və oğlum bu universitetdə riyaziyyat ixtisası üzrə təhsil aldılar, hətta oğlum fərqlənmə diplomu ilə məzun olub. Təhsilini yarımçıq saxladığım universitetin fəxri fərmanını almaq belə mənim üçün böyük hadisədir”.
Babası üçün sürpriz edib universitetin rəhbərliyinə məktub yazan Sevda Kamran “Report”a açıqlamasında qeyd edir ki, məqsədi babasının 85 yaşına unudulmaz hədiyyə etmək olub: “Hər şey anidən alındı. Babamla çox vaxt keçirirəm. Təhsillə bağlı söhbətlərimiz düşəndə hər zaman təəssüf edir ki, universiteti bitirə bilmədim. Düşündüm ki, babama unuda bilməyəcəyi hədiyyə etməliyəm. Hər şey bir məktubla başladı. Məktubu universitetin rəhbərliyinin adına göndərdim. 3 gün keçmədi ki, cavab gəldi. Prorektor məni universitetə dəvət etdi. Bu, babama olan sevgini göstərməyin ən yaxşı yolu idi. Üç aydır bunu sirr saxlayıb babama heç nə demədim. Yalnız universitetdən görüş vaxtı təyin olunandan sonra babama məlumat verdim. O, inanmırdı və biz bir neçə saatla babamla əlaqə saxlaya bilmədik. Yəqin ki, düşüncələrə dalıbmış. Özünə gəldikdən sonra deyirdi ki, görəsən, görüşdə necə danışacağam. Müəllim olsam da, hazırda başqa sahə üzrə çalışıram. Müəllimlik peşəsi də mənim ürəyimdə qalıb. Yəqin ki, bir gün mütləq bu işə qayıdacağam”.
Davamçıları Məhəmmədiyyə Məhəmmədovun müəllim olmaq kimi müqəddəs bir arzusunu həyata keçiriblər və o, bundan çox məmnundur.
Görüş səbəbkarın ailə üzvlərinin xatirələrini bölüşməsi ilə davam edib.