Bakı. 3 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.
"Report" DİM-ə istinadən xəbər verir ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan mərkəzində aparılıb.
İmtahan bütün binalarda eyni vaxtda - saat 12:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.
İmtahanın idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib, bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyunun 4-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.