Litvanın birinci xanımı Diana Nausediene Azərbaycan Dövlət İqtisad Universitetində olub.
“Report” Litva Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, birinci xanım Azərbaycana səfəri çərçivəsində bu ali təhsil müəsissəsində litvalı yazıçı və diplomat Vintsas Kreve-Mitskyaviçyusun adını daşıyan auditoriyanın açılış mərasimində iştirak edib.
D.Nausediene salamlama nitqində mədəniyyət və elmin cəmiyyətin katalizatorları, dövlətlərin və onların xalqlarının rifahının ilkin şərti olduğunu vurğulayıb. Onun sözlərinə görə, mədəniyyət həm də Litva ilə Azərbaycan arasında dostluğun rəmzlərindən biridir.
“Yazıçı Kreve-Mitskyaviçyusun Litvada doğulmasına baxmayaraq, Azərbaycana böyük marağının olması simvolikdir. Vintsasın Azərbaycanın mədəniyyətinə marağı onun üçün böyük ilham mənbəyi olub və sonradan yaradıcılığında da öz əksini tapıb. Şərq mədəniyyətini və fəlsəfəsini dərindən araşdıraraq və daha yaxşı başa düşərək o, bu regionların Litvadakı bir növ səfirinə çevrilib”, - Litvanın birinci xanımı bildirib.
D.Nausedienenin sözlərinə görə, Kreve-Mitskyaviçyus təkcə yazıçı və pedaqoq kimi deyil, həm də heç kimə kömək etməkdən imtina etməyərək insani dəyərlərin təbliğatçısı kimi məşhurlaşıb: “Vintsasın həyat və yaradıcılığı iki xalq arasında səmərəli əməkdaşlığın gözəl nümunəsidir. Bu da, öz növbəsində, ölkələr arasında mədəni əlaqələrin çiçəklənməsi üçün ilkin şərait yaradıb”.