Rəqəmsal cihazlar şagirdlərin fikirlərini yayındırır. Bunu aparılan təhlillər də göstərir.
"Report" xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransının açılış mərasimində deyib.
Onun sözlərinə görə, 15 yaşlı şagirdlərin təxminən 60 %-ə qədəri qiymətləndirmə prosesində aşağı məhsuldarlıq nümayiş etdirir və buna xüsusi diqqət edilməsi mütləqdir:
"PISA qiymətləndirilməsi hər zaman önəmli alət olaraq qalır".
Baş direktor bildirib ki, COVID-19 pandemiyası digər sahələrdə olduğu kimi, təhsil sistemi üçün də böyük problemlər yaradıb, təlim-tədris işinə mənfi təsirlər göstərib:
"Böhrandan çıxdıqdan sonra qarşıda duran əsas vəzifə şagirdlərin təhsil nailiyyətləri, onların emosional fiziki aspektlərinin nəzərə alınmasıdır. Bu da təhsilin bütün pilləsində olmalıdır".
Salim bin Məhəmməd əl-Malik qeyd edib ki, təhsil sistemində süni intellekt və rəqəmsal texnologiyanın tətbiqi önəmlidir: "İştirakçı üzv ölkələr öz aspektləri üzrə töhfələrini verməlidirlər. Təhsilin qiymətləndirilməsi üzrə ekspertlər qrupunun yaradılması mühümdür. ICESCO şagirdlərin biliyinin inkişaf və təkmilləşdirilməsi üçün öhdəlik götürüb. Bu sahədə işin davamlı və əlçatanlığı üçün maliyyə dəstəyi və resursların artırılması üçün əməkdaşlığa daim hazırıq".
İCESCO-nun Baş direktoru vurğulayıb ki, 2027-ci ilə kimi böyük dəyişikliklərin olacağı planlaşdırılır və bu istiqamətdə hazırlıq işləri görülür:
"Ümumilikdə yeni bacarıqların əldə olunması əsasdır. Gələcək işçi qüvvəsini dövrün tələblərinə uyğun hazırlamaq lazımdır. Təlim və tədris prosesinə təsir etmək imkanına sahib ola bilərik. Təhsil sistemlərinin dayanıqlı olması zəruridir".