Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan "Məktəblərarası I fənn müsabiqəsi"nin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Təhsil Nazirliyi, Milli Məclisin üzvləri, məktəb direktorları, təhsil ekspertləri iştirak ediblər.
Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirdiyini vurğulayıb: "İstedadlı uşaqların aşkara çıxarılmasında olimpiadalar və fənn müsabiqələri müstəsna əhəmiyyətə malikdir".
Milli Məclisin üzvü Fuad Muradov şagirdlərin biliklərinin artırılmasında müsabiqələrin, olimpiadaların keçirilməsinin böyük əhəmiyyəti olduğunu bildirib: "Müsabiqənin məqsədlərindən biri bugünkü şagirdi gələcək həyata hazırlamaqdır. Bu cür müsabiqələr şagirdlər arasında motivasiyanı artırmağa imkan yaradır".
Təhsil Nazirliyinin Təhsil inkişafı proqramları şöbəsinin müdir müavini Emin Emrullayev fənn müsabiqəsi barədə məlumat verib. O, qeyd edib ki, müsabiqə riyaziyyat və təbiət elmləri olmaqla, iki istiqamətdə aparılıb: "Məktəblər müsabiqədə riyaziyyat fənni üzrə VI, VII və VIII, təbiət elmləri üzrə isə VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla, 9 nəfərlik komandalarda təmsil olunub. Üç mərhələdə aparılan bu bilik yarışında 600-ə yaxın şagird iştirak edib. I yer üzrə 15, II yer üzrə 15, III yer üzrə isə 16 nəfər qalib seçilib".
Mərasimdə fərdi qaydada I, II, III yer tutan şagirdlərə diplom və medallar təqdim olunub. Hər fənn üzrə ilk onluqda olan şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Komanda hesabında riyaziyyat və təbiət elmləri üzrə I, II III yer tutan ümumi təhsil müəssisələrinə kubok verilib.