Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Həştərxan orta məktəbində şagirdlərin sayı 20 faiz artıb.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə məktəbin direktoru Tatyana Tixomirova məlumat verib.
"Hazırda bu məktəbdə təhsil alan şagirdlərin sayı 850 nəfərdir. Yenidənqurma işlərindən sonra şagirdlərin sayı 20 faiz artıb", - o bildirib.
Tatyana Tixomirovanın sözlərinə görə, məktəbdə müxtəlif mədəniyyət daşıyıcısı olan 20-dən çox millətin nümayəndələri, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır.
Direktor Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məktəbdə keçirilən tədbirlərdə həm məktəblilərin, həm də valideynlərin iştirak etdiyini vurğulayıb.
Tixomirova əlavə edib ki, azyaşlı məktəblilərə onun ailə başçısı və ata kimi necə bir insan olması barədə məlumat verilir, daha böyük şagirdlərə isə onun siyasi fəaliyyəti, Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsində oynadığı rol barədə danışılır.