Tbilisi. 24 dekabr. REPORT.AZ/ Gürcüstan Beynəlxalq Universiteti (GBU) Azərbaycan vətəndaşlarına saxta diplomların verilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
“Report”un Gürcüstan bürosunun xəbərinə görə, özəl ali məktəbin rektoru Kaxaber Kordzaia “Rustavi 2” televiziya kanalının bu mövzuya aid yayımladığı sujetlə bağlı açıqlama verib.
O bildirib ki, süjetdə saxta diplomun verildiyi iddia olunan Azərbaycan vətəndaşı Mircəlal Zeynalov universitetə qəbul olunub və üç il orada təhsil alıb: “Diplomun verilməsinə qədər o, soyadının dəyişdirildiyi barədə Azərbaycanın müvafiq dövlət qurumlarından sənəd təqdim edib. Bundan sonra dəyişdirilmiş soyad universitetin, eyni zamanda Təhsil və Elm Nazirliyinin reyestrinə daxil edilib, diplom yeni soyadla təqdim olunub”.
Qeyd edək ki, GBU 1995-ci ildə yaradılıb. Universitet biznes, sosial elmlər, hüquq, tibb və şərabçılıq üzrə bakalavr, magistr və doktorantura üzrə təhsil proqramları təklif edir.
Ali təhsil müəssisəsi iki Gürcüstan və iki Azərbaycan vətəndaşına məxsusdur. Onlardan hər biri səhmlərin 25%-nə sahibdir.