Dissertanturaya keçid balı aşağı salına bilər

Dissertanturaya keçid balı aşağı salına bilər Dissertantura səviyyəsi üzrə namizədlərin xarici dildən göstərdikləri nəticələr bizi o qədər də qane etmədi.
Elm və təhsil
11 Fevral , 2020 16:24
Dissertanturaya keçid balı aşağı salına bilər

"Dissertantura səviyyəsi üzrə namizədlərin xarici dildən göstərdikləri nəticələr bizi o qədər də qane etmədi".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.

O bildirib ki, AMEA və Təhsil Nazirliyinin birgə razılığı ilə xarici dil üzrə keçid balı 20 müəyyən edilib:

"Lakin namizədlərin təxminən yarısı müvafiq keçid balını toplamadıqlarından imtahandan keçməyib. Hazırda akademiya və nazirlik imtahanların nəticələrini təhlil edir. Zərurət olsa, keçid balının aşağı salınması üçün Dövlət İmtahan Mərkəzinə (DİM) də müraciət edilə bilər".

Ə.Sadıqov qeyd edib ki, yeni qəbul qaydalarının bu il ilk dəfə tətbiq olunmasında xarici dillə bağlı namizədlərin müəyyən çətinlikləri olub:

"Düzdür, DİM bu imtahanların keçirilməsinə məsuliyyətlə yanaşıb. Yəni imtahanlara uzun müddət qalmış proqramlar və test sualları hazırlanmışdı".

Akademiya rəsmisi xatırladıb ki, doktoranturaya qəbul üçün bir neçə ildir xarici dil biliyi üzrə beynəlxalq dil sertifikatı tələb olunur: "Ona görə də doktoranturaya sənəd verənlər bilirdilər ki, onları ciddi mərhələ gözləyir. Ona görə də doktoranturaya qəbulda vəziyyət yaxşıdır. Amma dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib".

Qəbul imtahanı ilə dissertantlar üçün müəyyən güzəştlərin edilə və bununla bağlı vəsatət qaldıra biləcəyinə diqqət çəkən akademik-katib əlavə edib ki, onsuz da, onları təhsil aldığı dövrdə xarici dil üzrə yenidən imtahan vermələri gözləyir: "Təbii ki, həmin vaxt hansısa güzəştən söhbət gedə bilməz. Bu il AMEA-nın doktorantura və dissertantura səviyyəsinə qəbul üçün 300-ə yaxın yer ayrılıb. Lakin namizədlərin xarici dil üzrə göstərdikləri nəticələr qəbul planının dəyişməsinə səbəb olmayacaq. Çünki qəbul planı artıq hökumət tərəfindən təsdiqlənib".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) doktorantura və dissertantura səviyyəsi üzrə artıq qəbul prosesi başlayıb. Bu il ilk dəfə olaraq doktorantura və dissertanturaya qəbul üçün xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib.

Son xəbərlər

Orphus sistemi