Ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında toplanılması mümkün olan maksimal bal 700 olub .
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, ötən il abituriyentlərin 42,8 faizi imtahandan “2”, 21,0%-i “3”, 26, 6%-i “4”, 9, 7%-i isə “5” qiymət alıb.
2019-cu ildə bu göstəricilər uyğun olaraq, 40,2%, 20,4%, 28,3%, 11,1% olub. Göründüyü kimi, keçən il “2” və “3” qiymət alanların faizi nisbətən artmış, “4” və “5” qiymət alanların faizi isə nisbətən azalıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanmasına gəlincə, onların 27,1%-ni “3”, 50,3%- ni “4”, 17,8%-ni isə “5” qiymət alanlar təşkil edib.
2019-cu ildə bu göstəricilər, uyğun olaraq 25,4%, 49,5%, 19,2% olub. V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında toplanılması mümkün olan maksimal bal 300-dür. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 49,62%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin təxminən yarısının (49,62%) imtahan nəticəsi 100 və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin böyük əksəriyyətinin nəticəsi, əsasən, 100 və daha yuxarı bal intervallarında olub (89,73%).
Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 94,13%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 32,06%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.