“Bəzi şadlıq evləri, supermarketlər mentalitetə uyğun gəlməyən formada adlandırılır”
Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycanda V sinif dərslikləri akademik səviyyədə yazıldığından orta məktəb şagirdləri onu başa düşmürlər. Bu sahə üzrə təcrübəli mütəxəssis olaraq deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır".
"Report"un xəbərinə görə, bunu AMEA Dilçilik İnstitunun direktor əvəzi Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, orta məktəb dərsliklərində dilin ədəbi normalarının qorunması baxımından müəyyən problemlər var.
Küçələrdəki afişalar və obyektlərin adlarında da dilin normalarının pozulması hallarına tez-tez rast gəlindiyini deyən M.Nağısoylu qeyd edib ki, bu problemin həlli istiqamətində bəzi rayonların icra başçıları ilə razılığa gəlinib və hansısa müəssisənin adının seçilməsində institutun da rəyi nəzərə alınır: "Məsələn, "supermarket" sözu ayrı da, defislə də yazılır. Bunun vahid formada yazılışını müəyyənləşdirmək lazımdır. Bəzi şadlıq evləri, supermarketlər hətta bizim mentalitetə uyğun gəlməyən formada adlandırılır. Bu istiqamətdə də müəyyən maarifləndirmə işləri həyata keçirilir. Dilçilik İnstitutu belə halların qarşısını almaq üçün monitotinqlər keçirir və "Qaynar xətt" vasitəsilə onların vaxtında aşkarlanaraq qarşısının alınmasına çalışır".
İnstitut direktoru vurğulayıb ki, Dilçilik İnstitutunun alimləri ölkənin ali məktəbləri üçün də dərsliklərin hazırlanmasında iştirak edir. Onun sözlərinə görə, təkcə Azərbaycan vətəndaşları üçün deyil, əcnəbi vətəndaşlar olan tələbələr üçün də "Azərbaycan dili" dərsliyinin hazırlanması lazımdır.