1999-cu ilin noyabr ayında UNESCO Baş Konfransının 30-cu sessiyası tərəfindən təsis edilən, 2000-ci ildən bu yana 21 fevral tarixində mütəmadi qeyd olunan Beynəlxalq Ana Dili Günü dil və mədəni müxtəlifliyin mühafizəsi məqdəsi daşıyır. Məlum olduğu kimi, dil hər bir xalqın həm maddi, həm də mədəni mədəniyyət mirasının başlıca saxlanc ünsürü və inkişaf vasitəsidir. Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru, əməkdar müəllim Bella Musayeva “Report”un əməkdaşı ilə söhbəti zamanı ana dilinə məhəbbəti aşılamağın, saflığını və ahəngdar inkişafını təmin etməyin, geniş mənada milli mədəniyyətimizlə hərtərəfli tanışlıq vasitəsinə çevirməyin yolları barədə fikirlərin bölüşür.
- Uzun illərdir Azərbaycan dilini həm əcnəbi, həm də yerli tələbələrə tədris edirsiniz. Sizin üçün ana dili məfhumu hansı məna daşıyır?
- Ana dilinə məhəbbət ailədə aşılanır, qəti fikrimdir. Mən özüm də ilk sözlərimi Azərbaycan dilində söyləmişəm. Evimizdə ana dilimiz həmişə geniş istifadə olunub. Nənəm Sultan xanımın beşiyim üstündə oxuduğu laylaylar hələ də yadımdadır: Laylay, qızım, yatasan, qızılgülə batasan, qızılgülün içində şirin yuxu tapasan. Həmçinin nağıllar, atalar sözləri, sanamalar ta uşaqlıqdan hafizəmdə dərin kök salıb. Atam hüquqşünas olub, onun topladığı kitablardan biz beş övladı daim istifadə edər, mütaliədən qalmazdıq. Bizim ədəbiyyata meylimiz də ana dildən başlayıb, eyni zamanda rus dilini də öyrənirdik. Mən özüm dörd yaşından kitab oxumağa başladım. Erkən yaşımdan Puşkinin nağıllarını sevmişəm. Beləliklə, əvvəlcə Azərbaycan dili, sonra da rus dili bizim üçün ana dilinə çevrildi. Sonrakı həyatım hər iki dilin tədrisinə həsr olunub. Mənim üçün ana dili məfhumu bunlardan ibarətdir.
- On ilə yaxın müddət ərzində Moskva Dövlət Dilçilik İnstitutunda (MDDİ) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə rəhbərlik etmisiniz. Bu vəzifədə çalışmanız barədə danışardınız.
- MDDİ-nin iki fakültəsində dərs demişəm. Bunlardan birində tərcüməçi, digərində jurnalist kadrları hazırlanırdı. Orada Azərbaycan dili tədris olunan dillərdən ikincisi olub və tədrisinə də xeyli saat ayrılmışdı. Tərcüməçilik təhsili alanlara dili yüksək səviyyədə öyrədirdilərsə, jurnalist tələbələr dili Azərbaycan mediasını oxuyaraq oradan öyrəndiklərini peşəkar fəaliyyətdə tətbiq edə biləcək çərçivəsində öyrənməlidilər. Amma dil təkcə ünsiyyət vasitəsi, hətta mədəniyyət ünsürü də deyil. Dil həm də doğma xalqı, onun mentallığını, mənəviyyatını, doğma ölkəni, onun dərdlərini, gözəlliklərini başqalarına tanıtdırmaq vasitəsidir. Bunlar indi, yəni artıq ölkələrimiz ayrılandan sonra böyüyən nəsillərin bir-birini tanımadığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Odur ki, məqsədim tələbələrimə Azərbaycan dilini öyrətməkdən çox-çox genişdi. Onları Azərbaycan dostlarına çevirmək istəyirdim.
Çoxlarının fikrincə, təhsil siyasətdən uzaq olmalıdır. Ona görə də Qarabağ münaqişəsini tanıtdırmaq üçün başqa yollar tapmalıydım. Məsələn, Moskvada yaşayaraq hətta öz ana dilini də düz-əməlli bilməyən tatar Dəmir İlyasova Elçinin “Qarabağ şikəstəsi” hekayəsini oxumağı tapşırdım. Nəticədə tələbələrdə Qarabağ münaqişəsi barədə təsəvvür yarada bildim. 2016-cı ildə tələbələrimin xarıbülbül gülünü çəkib mənə bağışladıqları poçt kartı aldığım ən dəyərli hədiyələrdən biridir. Üç tələbəm Gülhüseyn Hüseyn “Azərbaycan dili” mənsur şeirindən gözəl tərcümə ediblər. Həmin çalışma ilə birlikdə tələbələrimizin işləri sonradan ayrıca kitab şəklində nəşr olunmuşdu. Novruz, Müstəqillik Günü, Dövlət Bayrağı Günü və s. bayramlarımızı bir yerə keçirirdik, bunlar tələbələrin böyük marağına səbəb olurdu. Həmçinin onları Azərbaycan sənətkarlarının Moskvada keçirilən konsertlərinə də aparmaqla bütün bu mədəni sərvətə maraqlarını daha da artırmaq, onunla originalda tanış olmaq həvəslərini gücləndirməyə çalışırdım.
- KİV-lərdə də, sosial şəbəkələrdə də son dövrdə ana dilimizin bayağılaşdırılması, saflığının pozulması, təhrif olunması və s. barədə qızğın müzakirələr aparılır. Azərbaycan dilçiliyi, ədəbiyyatı sahəsində mütəxəssis kimi bu məsələyə dair fikirlərinizi bilmək marqlı olardı.
- Hər bir dildə alınma sözlərin olduğu məlum faktdır. Lakin bəzən başqa dildən bu alınmalar təbii dilçilik qaydasında, yəni əvvəllər mövcud olmayan istilahı çatdırmaq üçün yox, süni yolla gəlir. Hazırda tədrisin Azərbaycan dilində aparıldığı fakültələrdə dərs deyir və çox acınacaqlı vəziyyətlə üzləşirəm. Belə ki, orta təhsilini ana dilində başa vurmuş tələbələrin belə nitqi, yumşaq desək, o qədər də səlis deyil. Halbuki bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da haqlı olaraq dediyi kimi, Vətəni əvvəlcə dil, sonra ordu gözlər (“Vatanı önce dil sonra ordu bekler”).
Azərbaycan dilinin inkişafı ilə bağlı cəmiyyətdə baş qaldıran narazılığın səbəbləri müxtəlif ola bilər. Məsələn, ötəri meyllərdən doğan alınma sözlər, ayrı-ayrı dillərin daşıyıcıları ilə əlaqələrin daha geniş vüsət alması, çox vaxt dil mədəniyyətinin, elə ümumi mədəniyyətin də kasadlığı və s-dir. Bu barədə bir çox ali məktəb müəllimləri də narahatlıqlarını bildirirlər. Bununla yanaşı, internetin sosial şəbəkələrində, bloqlarında istifadəçilər fikirlərini daha tez yazmağa çalışarkən dilçilik qaydaları yaddan çıxır. Hələ telekanallarımızda veriliş iştirakçılarının, hətta aparıcıların belə ləhçə ilə danışdıqlarını da qeyd edim ki, bu da tamamilə yolverilməzdir.
- Dövlət Dili Komissiyası nəzdində yaradılmış Monitorinq Mərkəzinin də vəzifəsi ölkədə dövlət dilinin istifadəsinə nəzarət etməkdir.
- Bu məsələyə dair müəllim kimi fikrimi deyim. Ana dilinə məhəbbət və hörmət ailədən başlayır. Ailədə bir-birilə necə söhbət etmələrindən, ana dilində kitab oxumalarından, uşaqların nitq xatalarını necə düzəltmələrindən, irad tutmalarından başlayır. İnsanın ana dilində səlis, yaxud pinti danışmağının bünövrəsi orada qoyulur. Sonra isə növbəsi çatan biz müəllimlər xalqın tarixi yaddaşının, mədəniyyətinin daşıyıcısı dil olduğunu tələbələrə, şagirdlərə dönə-dönə başa salır, nitqlərində diqqətli olmağı, qüsurları düzəltməyi təlqin edirik. Bir xalqın mentallığını, yəni yalnız həmin xalqa xas olan hissləri, duyğuları ana dili olmadan ifadə etmək mümkün deyil. Təsadüfi deyil ki, UNESCO dili mənəvi əxlaqi dəyər kimi mühafizəyə alıb, dilin yox olmasını isə mədəniyyət abidəsinin məhv edilməsilə bərabər tutur.
Yeri gəlmişkən, son vaxtlar rusdilli təhsil ocaqlarının bağlanması məsələsilə bağlı danışmaq istərdim. Bu məsələdə ifrata varmağın qəti əleyhinəyəm. Rus dilində orta və ali məktəbləri bağlamaqla ana dilinin vəziyyəti düzəlməz. Azərbaycan dilinin tədrisi təkmilləşdirilməli, ana dilində danışıq mədəniyyəti yüksəldilməlidir. Bunun üçün keyfiyyətli dərsliklər və dərs vəsaitləri nəşr edilməlidir. Bununla yanaşı, xarici dilləri də öyrənməliyik. Başqa məsələlərlə yanaşı, Azərbaycanı dünyada daha geniş tanıtdırmaq, dünyaya daha dərin qovuşmaq üçün.
- Son olaraq elmi araşdırmalarınızla bağlı bir neçə kəlmə deyərdiniz.
- Bu yaxınlarda “Ədəbiyyatşünaslığa giriş” adlı dərs vəsaiti nəşr etdirmişəm. Hazırda rus dilində “Dram əsərinin təhlili” vəsaiti üzərində çalışıram. Həmçinin ingilis dilində “Nizami yaradıcılığı müasir multikulturalizm konteksində” adlı məqaləm işıq üzü görüb. Rus dilinə və rus dilindən tərcümə məsələlərilə məşğul oluram. Belə ki, "Boris Pasternakın “Qış axşamı” şerinin Azərbaycan dilinə tərcüməsinin müqayisəli təhlili”, ”Gümüş Əsrin şeri Azərbaycan dilində”, “A.Puşkinin “Sizi sevmişəm” şerinin Azərbaycan dilinə tərcüməsinin müqayisəli təhlili”, “Səməd Vurğunun “Azərbaycan” şerinin rus dilinə tərcümələrinin müqayisəli təhlili” adlı məqalələr dərc olunub. Bunlar görülən işlərin bir qismidir. Tədris sahəsində topladığımız təcrübə əsasında ərsəyə gələn metodik vəsaitlərin daha gənc həmkarlarımın karına gələcəyinə ümidvaram.
Eleonora Abasquliyeva