Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
DİM-dən "Report"a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılacaq. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunacaq.
Hazırda bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.
İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər
Məlumat üçün bildirək ki, imtahanda 32173 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 27225 abituriyent I qrup üzrə, 4948 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 29348 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 24949, IV qrup üzrə 4399 nəfər), 2825 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2276, IV qrup üzrə 549 nəfər) məzunudur. Abituriyentlərin 19438 nəfəri oğlanlar (I qrup üzrə 18065 nəfər, IV qrup üzrə 1373 nəfər), 12735 nəfəri isə qızlardır (I qrup üzrə 9160 nəfər, IV qrup üzrə 3575 nəfər). 28288 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3320 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 48 nəfər ali təhsil müəssisələrinin, 517 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 164 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2004-cü ildəndir.
Bakı şəhərində 14195, Naxçıvanda 721, Gəncədə 3557, Sumqayıtda 2080, Mingəçevirdə 1603, Şəkidə 2177, Bərdədə 1167, Göyçayda 1534, Şirvanda 1655, Lənkəranda 1989, Xaçmazda isə 1495 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 45-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.