Bu gün Novruzun ikinci - Od çərşənbəsidir.
"Report" xəbər verir ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Qeyd edək ki, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.