Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən bildirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 211 imtahan binası, 3741 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 211 ümumi imtahan rəhbəri, 602 imtahan rəhbəri, 4647 nəzarətçi-müəllim, 521 buraxılışı rejimi əməkdaşı (mühafizə), 211 bina nümayəndəsi ayrılıb.
Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.
Bu imtahanda 50498 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 20 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 6 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılacaq.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
Martın 6-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.
Martın 5-də Dövlət İmtahan Mərkəzi Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I zona), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirir. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.
Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıda qeyd edilən sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 211 imtahan binası, 3741 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 211 ümumi imtahan rəhbəri, 602 imtahan rəhbəri, 4647 nəzarətçi-müəllim, 521 buraxılışı rejimi əməkdaşı (mühafizə), 211 bina nümayəndəsi ayrılıb.
Bugünkü imtahanda 50 min 498 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 20 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.