Bakı Slavyan Universitetində 30 sentyabr - Beynəlxalq Tərcüməçilər Gününə həsr olunan ''Müasir tərcümənin aktual problemləri: tədris, nəzəriyyə, təcrübə'' adlı "dəyirmi masa" keçirilib.
''Report'' xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru Nurlana Əliyeva tərcümənin bugünkü önəmindən danışıb.
O qeyd edib ki, ölkə ziyalılarının, alimlərinin, incəsənət xadimlərinin dünya salnaməsinə adlarının düşməsi tərcümə yolu ilə olub: "Təxminən, 20 il bundan qabaq tərcümə belə dünyəvi dəyər daşımırdı. Tərcümə olmasa idi, biz dünya xalqlarının inkişafını, mədəniyyətini, ədəbiyyatını öyrənə bilməzdik. Bü gün Azərbaycanın inkişafında tərcümənin böyük rolu var. Tərcümədə ömür qoyan, zəhmət çəkən insanların qarşısında baş əyirəm. Onlar hər bir sətirdəki mənaları bizə çatdırmaq üçün özlərinə saatlarla əziyyət verən insanlardır''.
BSU-nun tədris işləri üzrə prorektoru Telman Cəfərov bildirib ki, universitetin tələbələrinin əmək bazarında çıxış etməsi üçün işlər aparılır: ''İstərdik ki, tələbələrimiz müxtəlif tərcümə mərkəzlərində işləyib fəaliyyətlərini genişləndirsinlər''.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Elm, təhsil və mədəniyyət mərkəzinin direktoru Etimad Başkeçid təkliflə çıxış edərək qeyd edib ki, universitetdə seçilən tələbələrlə xüsusi məşğul olunmalıdır: ''BSU həmişə tərcümə sahəsində öndə olub. Hesab edirəm ki, tərcüməçini yetişdirmək mümkün deyil. Əgər insanın istedadı yoxdursa, dayanmadan öyrətsən də, xeyri yoxdur. Tələbələri nəzəriyyə ilə yükləmək olmaz. Bu, tədris üçün böyük fəlakətdir. İndi həmin adamlar nə nəzəriyyəçidir, nə də tərcüməçi. Həmçinin ölkədə dərslik çatışmazlığının aradan qaldırılması üçün işlər görülməlidir. Bu təkcə tərcümə ixtisaslarına aid deyil. Bütün ixtisaslarda problem var. BSU ilə müştərək iş görsək, bütün ölkə üzrə başqa universitetlərə də örnək olar''.
Daha sonra çıxış edənlər tərcümənin və tərcüməçilərin gələcək fəaliyyətləri barədə fikir mübadiləsi aparıblar.