Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BP-nin Planlaşdırma və kommersiya əməliyyatları üzrə vitse-prezidenti Niall Henderson ilə görüşüb.
Bu barədə "Report"a BANM-dən məlumat verilib.
Görüşdə həmçinin BP şirkətinin Xarici işlər üzrə meneceri Günəş Əliyeva və BANM-ın məsul əməkdaşları iştirak ediblər.
E.Qasımov BP-nin Ali Məktəbin ən yaxın tərəfdaşı olduğunu deyib. Azərbaycanın neft-qaz sənayesində gedən Milliləşdirmə Proqramında BP-nin xüsusi rolu olduğunu qeyd edən rektor bildirib ki, Ali Məktəbin artıq 11 məzunu BP şirkətində çalışır. E.Qasımov BANM-ın Böyük Britaniyanın Heriot-Vatt universitetilə (HVU) yaxından əməkdaşlıq etdiyini, Ali Məktəbdə HVU-nun tədris proqramlarının istifadə olunduğunu vurğulayıb.
BANM-a görüş və qonaqpərvərlik üçün təşəkkür edən Niall Henderson BP şirkətinin sosial layihələrə, xüsusilə təhsil sektorunun inkişafına və biliyin paylaşılması istiqamətində işlərə böyük önəm verdiyini bildirib.
E.Qasımov N.Hendersonu Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrinə və MBA tələbələrinə master-klass və leksiyalar keçməyə dəvət edib.
Rektorun dəvətini böyük məmnuniyyətlə qarşılayan vitse-prezident öz təcrübələrini, biliyini və karyera uğurlarını tələbələrlə paylaşmaqdan böyük zövq alacağını bildirib. Vitse-prezident həmçinin bildirib ki, BP şirkəti əməkdaşlarına rəqəmsal texnologiya, süni intellekt və hər gün inkişaf edən dünyaya adaptasiya ilə bağlı təlimlər həyata keçirir və o bu istiqamətdə təlimləri Ali Məktəbin tələbələri üçün də həyata keçirə bilər.
Görüşün sonunda BP-nin Planlaşdırma və kommersiya əməliyyatları üzrə vitse-prezidenti Niall Henderson Ali Məktəbın kampusu ilə daha yaxından tanış olub.