Moskva. 4 dekabr. REPORT.AZ/ Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) dünyada tanınan, elmi nəzəri tədqiqatların ən son texnologiyalarını yaradan və tətbiq edən, habelə ali təhsillə uzlaşdıran elmi mərkəzdir. Bu gün Azərbaycan da daxil olmaqla 18 ölkə BNTİ-nin üzvüdür. BNTİ-nin direktoru Viktor Matveyev “Report”a müsahibəsində göstərdikləri fəaliyyət, o cümlədən Azərbaycanla həyata keçirdikləri birgə layihələrdən danışıb:
- Bildiyiniz kimi, Azərbaycan Respublikası da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun üzvüdür. Azərbaycanla birgə gördüyünüz işlər barədə məlumat verərdiniz...
- Əvvəla, universitetdə aparılan kadr hazırlığını qeyd etmək istərdim. Hazırda gənc mütəxəssislərin hazırlanması, gənc istedadların üzə çıxarılması başlıca məsələlərdən biridir, o cümlədən, təbii ki, nüvə tədqiqatları ilə məşğul olan institut üçün də. İstedadlar tapmaq təkcə Rusiyada yox, bütün dünyada da ən ümdə məsələlərdən birinə çevrilir. Belə ki, bütün dünya boyu uğurlu gənclərin qıtlığı yaşanır. Ona görə də Azərbaycandan bizə ixtisas artırmada, xüsusi yay məktəblərində iştirak etmək üçün cavan uşaqlar göndəriləndə biz bunu çox yüksək qiymətləndiririk. Hazırda yay məktəblərindən gənclərin müsabiqə yolu ilə seçiminə keçməyə çox maraqlıyıq, bunu bütün üzv ölkələrdə, o cümlədən Azərbaycanda da elmin inkişafına verə biləcəyimiz töhfə kimi görürük. Bizdə təhsili başa vuran gənclər vətənlərində asanlıqla iş tapa bilir. Çünki hər kəs istedadlı kadr əldə etmək arzusundadır. Bu da həmin ölkələrlə bundan sonra da əməkdaşlıq etməyimiz üçün bizə əlverişli imkanlar yaradır. Bu, birgə fəaliyyətimizin çox mühüm istiqamətidir.
- Sovet dövründə Rusiya, Azərbaycan, o vaxtın bütün müttəfiq respublikaları vahid sovet elmi məkanında olub, sonra isə bu məkan parçalandı. Hazırda Azərbaycan elminin inkişaf səviyyəsi barədə fikirləriniz necədir?
- Dünyada "milli elm" deyilən bir anlayış yoxdur. Bəli, hər ölkə öz elmi kadrlarını hazırlayır, elmi tədqiqatlar üçün özünəməxsus şərait yaradır, amma ən irimiqyaslı tədqiqatlar və elmi nəticələr məhz ən qabağcıl alimlərin birgə səylərilə ərsəyə gəlir. Həmçinin ən böyük və mühüm nəticələr beynəlxalq əməkdaşlığın bəhrəsi olduğu da təsadüfi deyil. Ən azı təmasda olduğumuz həmkarlarımız da ayrıca hər hansı bir ölkədə elmi araşdırmaları və sınaqları üçün bütün lazımi şərait yaratmağın mümkün olmadığını başa düşürlər, burada əməkdaşlıq əlaqələri çox mühümdür. Bu istiqamətdə çalışmaq lazımdır.
- Azərbaycanla ali təhsildən başqa hansı birgə fəaliyyətləriniz var?
- Bizim Dubnada Azərbaycan fizikləri ilə birgə həyata keçirilən, o cümlədən xeyli nüfuzlu, mega science səviyyəli layihələrimiz var. Məsələn, NİCA (Nuclotron-based İon Collider Facility) layihəsi çərçivəsində (Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Moskva vilayətinin Dubna şəhərindəki Yüksək Enerji Fizikası laboratoriyası bazasında 2013-cü ildən tikilən və 2020-ci ildə tamamlanması nəzərdə tutulan – red.) proton və ağır ionlar kollayderində sınaqların hazırlanmasında azərbaycanlı alimlərin böyük bir dəstəsi iştirak edərək yüksək səviyyədə hazırlıq işləri görürlər. Biz hazırlıq işlərinin axıra çatdırılmasına böyük əhəmiyyət veririk. Yaxın vaxtlarda ən yüksək səviyyədə tədqiqatlar aparmaq üçün şərait yaradılacaq. İndidən bütün hazırlıq görülməli, o cümlədən istedadlı kadrlar cəlb olunmalıdır. Biz müştərək şəkildə qabaqcıl layihələrində iştirak etdiyimiz Avropa Tədqiqatlar Assosiasiyasında da bir çox birgə fəaliyyətlər aparılır.
- İnstitutunuzun Bakıda filialını açmaqla bağlı planınız varmı?
- Bu barədə danışıqlar olub, əslində çoxdandır bunu arzulayırıq. Məncə, bu kimi müştərək layihələrə daha ciddi yanaşmağın vaxtıdır. Belə olab halda, təmaslarımız, əməkdaşlığımız daha səmərəli olar. Bizim üçün maliyyə yatırımlarından daha mühüm olan araşdırmaların səviyyəsini xeyli yüksəldən əqli, intelektual əməkdaşlıqdır. Odur ki, üzv ölkələrdə filiallar, yaxud da nümayəndəliklər açmağı düşünürük. Ya da virtual laboratoriyalar yaratmaq olar ki, hər ölkədəki alimlər yerindən tərpənmədən həmkarları ilə ünsiyyətdə olsun, bilik və təcrübə mübadiləsi aparılsın. Məncə, Azərbaycanın ölkəmizdəki səlahiyyətli nümayəndəsi Nazim Məmmədov da bu fikri həyata keçirməyə böyük məmnuniyyətlə razı olar. Azərbaycanla əməkdaşlığımızın gələcəyinə nikbinliklə baxıram.
İqbal Rüstəmov