Bilik Fondunda "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin fəaliyyətinə dair müqavilə imzalanıb
- 19 dekabr, 2016
- 14:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı 19 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda "Puşkinin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin açılış mərasimi olub.
Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, tədbirdə fondun icraçı direktoru Oktay Səmədov, Rusiya Federasiysının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru Yaskeviç Marina İvanovna və başqları iştirak edib.
İcraçı direktor O.Səmədov V Bakı Humanitar Forumu ərəfəsində A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu ilə imzalanmış müqaviləni xatırladaraq, Fondun “Puşkin İnstitutu”nun Əməkdaşlıq Şəbəkəsinə üzv olmaqla həm də İnstitutun Federal proqram çərçivəsində həyata keçirdiyi 2016-2020-ci illərdə “Rus dili” layihəsinə qoşulduğunu bildirib.
A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru M.İ.Yaskeviç Bilik bildirib ki, təhsil ocağı distant tədrisin texnoloji imkanlarından faydalanmaqla rus dili müəllimlərinin ixtisasartımına və xarici dil kimi rus dilinin tədrisi sahəsində təkmilləşməyə imkan yaradır.
Sonra tərəflər arasında Bilik Fondunda "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin fəaliyyətinə dair müqavilə imzalanıb. Mərkəzin bazasında rus dili müəllimlərinin ixtisasartırma kurslarının, təhsil alanların müxtəlif kateqoriyaları üçün rus dili tədrisi kurslarının təşkili, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının keçirilməsi, mədəni-kütləvi tədbirlərin təşkili nəzərdə tutulur.