Bakı Dövlət Universitetində (BDU) struktur islahatları aparılıb və kadr təyinatları olub.
“Report”un məlumatına görə, rektor Elçin Babayevin müvafiq əmri ilə BDU-nun Tədris departamentinin müdiri Məlahət Qurbanova vəzifəsindən azad edilib.
M.Qurbanova hazırda Üzvi kimya kafedrasının professor-müəllimi vəzifəsində çalışır.
E.Babayevin imzaladığı digər əmrlə BDU-da rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri vəzifəsi yaradılıb. Həmin vəzifə Əli Nağıyevə tapşırılıb.
Eyni zamanda BDU-nun Tədris departamenti və Beynəlxalq əlaqələr və koordinasiya departamenti ləğv olunub. Beynəlxalq əlaqələr və koordinasiya departamentinin tabeliyində olan Xarici tələbələrlə iş üzrə dekanlıq isə rektorun Strateji inkişaf və əlaqələr üzrə müşavirliyinin tabeliyinə verilib.
Bundan əlavə, rektorun daha bir əmri ilə Nazim Məcidov Universitetin Kadrlar şöbəsinin müdiri vəzifəsindən azad edilib.
O, BDU-nun Tarixi Muzeyinin direktoru vəzifəsinə təyin olunub.
Ali məktəbin Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Nəzakət İsayevaya həvalə olunub.
Qeyd edək ki, Nazim Məcidov bu ilin yanvar ayında BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.