"British Council"ın yeni təhsil proqramı Azərbaycanın təhsil sisteminin daha güclü olmasına, Böyük Britaniya və Azərbaycan ali təhsil ocaqları arasında əlaqələrin qurulmasına, gənc azərbaycanlıların beynəlxalq əmək bazarında iş tapmasına yardım edəcək".
"Report" xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin ticarət elçisi baronessa Emma Nikolson "Məzunların məşğulluq imkanlarının yaxşılaşdırılması" proqramının başlanması münasibətilə keçirilən forumda deyib.
Onun sözlərinə görə, gənclər üçün əla fürsət olan və azərbaycanlı tələbələrə iş tapmaqda yardımçı olacaq proqram bu istiqamətdə strateji tərəfdaşlıq yaratmağa imkan verəcək.
Qeyd edək ki, "British Council" ilk dəfədir belə forum keçirir. Forum Birləşmiş Krallıq və Azərbaycandan olan siyasətçilər, universitetlər və tədqiqatçıları bir araya gətirəcək.
Bu strateji forum "British Council"ın Azərbaycanda məşğulluq sahəsində həyata keçirdiyi yeni proqramdır. Forumun məqsədi ali təhsil müəssisələrinin məzunlarının işə düzəlmə bacarıqlarını inkişaf etdirmək, onları yerli və qlobal səviyyədə daha rəqabətədavamlı etmək imkanlarını artırmaqdan ibarətdir.