Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası, İnformasiya təhlükəsizliyi ixtisası növbəti uğura imza ataraq dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına (FNSA - Fortinet Network Security Academy) üzv olub.
Ali Məktəbdən "Report"a verilən məlumata görə, BANM-in Fortinet Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri və məzunları kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmək və karyeralarında yüksəlmək imkanını əldə edəcək.
Bu əməkdaşlıq nəticəsində tələbələrə pulsuz olaraq Fortinet Şəbəkə Təhlükəsizliyi Üzrə Ekspert (Fortinet NSE) təlim proqramı keçiriləcək. Həmin proqramın kurrikulumu təlimi keçən tələbələrə Fortinet şəbəkəsini və onun xüsusiyyətlərini qavramaqda yardım edəcək. Əldə edilən bilik və bacarıqlar proqramı tamamlaya bilən gələcəyin informasiya təhlükəsizliyi mühəndislərinin istənilən təşkilat/şirkətin informasiya texnologiyaları infrastrukturunu idarə etmək, eləcə də müasir dövrün kibertəhlükəsizlik problemləri və onların həll edilməsi istiqamətində daha da püxtələşmək imkanlarını artıracaq.
Bununla yanaşı, BANM-in akademik heyəti və tələbələri FNSA-nın resurslarından istifadə etmək üçün də çıxış əldə edəcək.
“Fortinet” şirkəti kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış dünyaca məşhur şirkətlərdən biridir. Əsası 2000-ci ildə Amerikada qoyulmuş İT təminatı üzrə dünya lideri öz müştərilərinə təhlükəsiz İT infrastrukturu qurmaq üçün ən innovativ və səmərəli həlləri təklif edir. Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyası (FNSA) şirkət daxilində yaradılmış və informasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslı kadrlar hazırlayır.