BANM-də Erasmus+ proqramı ilə bağlı məlumatlandırma günü keçirilib

BANM-də Erasmus+ proqramı ilə bağlı məlumatlandırma günü keçirilib Tədbir Avropa İttifaqının Erasmus+ proqramı üzrə milli nümayəndəliyi ilə birgə təşkil olunub
Elm və təhsil
5 Dekabr , 2016 12:24
BANM-də Erasmus+ proqramı ilə bağlı məlumatlandırma günü keçirilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) Erasmus+ proqramı ilə bağlı Azərbaycanın ali təhsil müəssisələri üçün məlumatlandırma günü keçirib.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Avropa İttifaqının Erasmus+ proqramı üzrə milli nümayəndəliyi ilə birgə təşkil olunan tədbirdə Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "British Council"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, o cümlədən Avropa Ittifaqının ölkəmizdəki nümayəndəliyinin təmsilçisi və bir sıra səfirliklərin əməkdaşları, həmçinin Bakı, Naxçıvan Muxtar Respublikası, Sumqayıt, Lənkəran və Mingəçevirdə yerləşən ali təhsil müəssisələrinin rəhbərləri və təmsilçiləri, ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov tədbirin ölkədə ali təhsilin gələcək inkişafı və Azərbaycan ali təhsil müəssisələrinin Avropa İttifaqı ölkələrinin universitetləri və təhsil strukturları ilə beynəlxalq əməkdaşlığı üçün əhəmiyyətini vurğulayıb. Erasmus+ və Avropa İttifaqı tərəfindən dəstəklənən digər təhsil proqramlarının səmərəli istifadə olunmasının zəruriliyindən danışan rektor vurğulayıb ki, Azərbaycanın ali təhsil müəssisələri 1995-ci ildən TACİS/Tempus kimi layihələr daxil olmaqla həmin proqramlarda iştirak edir. Rektor, həmçinin Erasmus+ proqramı çərçivəsində carı ildə BANM və Yunanıstanın Pirey Tətbiqi Elmlər Universiteti arasında müqavilənin imzalanması barəsində məlumat verib. Elmar Qasımov tədbir iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyat şöbəsinin rəhbəri Jeron Uilems bu tədbirin Ali Məktəbdə keçirilməsinə görə BANM-ın rəhbərliyinə öz təşəkkürünü bildirib və Avropa İttifaqının Azərbaycanda təhsilə dəstək siyasətinin əsas prinsipləri haqqında qısa məlumat verib. O deyib ki, təmsil etdiyi qurum Təhsil Nazirliyi və ölkənin ali təhsil müəssisələri ilə işləyərək, onlara Avropa təhsil sisteminə inteqrasiya olunmaqda kömək göstərir: “Biz həmçinin sizə ali və peşəkar təhsil üzrə qrantların və digər yatırımların ayrılması vasitəsilə islahatların uğurla həyata keçirilməsində kömək göstərmək istərdik”.

Tədbirdə həmçinin Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq məsələləri üzrə eksperti Pərvin Qəhrəmanova, SOCAR-ın vitse-prezidentinin müavini Asif Şəfəqqətov, Erasmus+ proqramının milli nümayəndəliyinin rəhbəri Pərviz Bağırov, "British Council"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elizabet Vayt, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərlə iş üzrə attaşesi Batist Minyo, SOCAR-ın Elm və texniki şöbəsinin əməkdaşı Nazim Vəliyev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə mütəxəssisi Rza Zülfuqarlı çıxış ediblər.

Sonra tədbir iştirakçıları hesabatları dinləyiblər. Proqramın əsas istiqamətlərindən danışan Pərviz Bağırov Erasmus+ proqramının milli nümayəndəliyinin fəaliyyəti, CBHE proqramı və həmin proqram çərçivəsində keçirilən layihələrin müsabiqəsinə aid üçüncü turu haqqında ətraflı məlumat verib. Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova Azərbaycanda Avropa İttifaqı tərəfindən ayrılan qrantlar üzrə layihələrdən danışıb.

Regional İnnovasiya Texnologiyalar Akademiyasının direktorunun müavini, İCT və FET NCP HORİZON 2020 qrupunun Azərbaycan üzrə təmsilçisi Xalidə Məlikova “Horizon2020” və əməkdaşlığın inkişafı istiqamətində proqramının imkanlarından söz açıb. Azərbaycanda Erasmus tələbə şəbəkəsinin nümayəndəliyinin rəhbəri Elmar Quliyev Erasmus tələbə şəbəkəsi haqqında məlumat verib.

Erasmus+ proqramının milli nümayəndəliyinin təmsilçisi Aygün Rüstəmli Avropa İttifaqının digər təhsil proqramlarından və ölkənin ali təhsil müəssisələrinin proqramlarda iştirak imkanlarından söhbət açıb. 

Təhsil Nazirliyinin nümayəndəsi Zöhra Cəfərova nazirliyin proqrama lazımı dəstək göstərdiyini vuğulayıb.

Bundan sonra müzakirələr və sual-cavab sessiyası olub.

Son xəbərlər

Orphus sistemi