Bakı Ali Neft Məktəbində (BANM) Böyük Britaniyanın “International Drilling Fluids” (IDF) şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
BANM-dan "Report"a verilən məlumata görə, görüşdə Ali Neft Məktəbi və IDF arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlıq, bu əməkdaşlıq çərçivəsində mütəxəssis mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlərə dair Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “International Drilling Fluids” şirkətinin Baş icraçı direktoru Koruş Təhmasib imzalayıblar.
Görüşdə birgə elmi tədqiqatların aparılması, tələbələrin iştirakı ilə müxtəlif laboratoriya kurslarının, işçi heyəti üçün treninqlərin təşkil olunması barədə razılıq əldə olunub.
IDF neft-qaz sənayesində qazma, tamamlama və istehsal üzrə mühəndislik xidmətləri göstərir. Şirkət qazma problemlərini aradan qaldırmaq üçün praktik tədqiqat fəaliyyəti ilə məşğuldur. Baş ofisi Londonda yerləşən şirkətin Azərbaycanda da ofisinin açılması planlaşdırılır.