Bakıdakı yəhudi məktəbində Ümummilli Lider Heydər Əliyevlə bağlı tədbir keçirilib.
Bu barədə "Report"a Gürcü-Sefarad yəhudiləri Bakı Dini İcmasının sədri, Ravvin Zamir İsayev məlumat verib.
46 saylı yəhudi məktəbində Ulu Öndərə həsr olunan rəsm sərgisi keçirilib, bir qrup şagird Heydər Əliyevin abidəsini yad edib, ona həsr olunan şeir və məruzələr oxuyublar.
Qeyd olunub ki, bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir. Azərbaycan xalqının böyük oğlunun, Heydər Əliyevin Azərbaycan yəhudilərinə olan xüsusi diqqəti və qayğısı hələ sovet dönəminin çətin günlərindən, dinin, istənilən milli adət ənənənin qadağan olan zamanlarından məlumdur. 46 saylı yəhudi məktəbi də məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə 1994-cü ildə açılıb.
Hazırkı vaxtda dövlətimiz Azərbaycanda yaşayan azsaylı xalqlara nəinki xüsusi qayğı göstərir, həmçinin onların gələcəyi haqqında düşünür, öz milli adət-ənələrini, milli şüurunu qoruyub saxlamaq üçün hər bir şərait yaradır.
Hazırda Elm və Təhsil Nazirliyinin dövlət proqramı çərçivəsində Bakı Yəhudi məktəblərində 3 Yəhudi fənninin: Yəhudi xalqının tarixi, Yəhudi xalqının adət ənənələri və İbri dili yüksək səviyyədə tədris olunur.
Heydər Əliyevin apardığı siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.