Bakıda Vyana Texnologiyalar Universitetinin magistratura proqramı başlayır

Bakıda Vyana Texnologiyalar Universitetinin magistratura proqramı başlayır Bakıda bu ilin noyabr ayından Vyana Texnologiyalar Universitetinin mühəndislik menecmenti üzrə (Engineering Management) magistr proqramı başlayacaq.
Elm və təhsil
24 Aprel , 2020 18:34
Bakıda Vyana Texnologiyalar Universitetinin magistratura proqramı başlayır

Bakıda bu ilin noyabr ayından Vyana Texnologiyalar Universitetinin mühəndislik menecmenti üzrə (Engineering Management) magistr proqramı başlayacaq.

“Report” xəbər verir ki, bu proqramın iştirakçıları təhsil müddətində adıçəkilən universitetin kampusundan, kitabxanasından, onlayn imkanlardan faydalana biləcək, universitetin məzunlar klubunun üzvü olacaq, bu müddətdə Avstriyada tələbə kimi bütün imtiyazlardan faydalana biləcək, üstəlik, iş axtararkən kömək alacaq, proqramı başa vurduqdan sonra isə Vyana Texnologiyalar Universitetinin diplomunu əldə edəcəklər.

Avropa və Amerikada xeyli rəğbət qazanmış bu proqramı başa vuran yüzlərlə məzun karyeralarında yüksəlişə nail olublar. Texniki sahənin peşəkarları, habelə mühəndislər, hüquqşünaslar, iqtisadçılar proqrama qatılmaqla marketinq, biznesin təşkili və idarə edilməsi, tədarük zənciri, müasir mühəndisliyin əsasları kimi sahələrdə tamamlayıcı təhsilə sahib olurlar. Məzunlar həm kiçik və orta biznes sektorunda, həm də iri şirkətlərdə şöbə idarəçiliyi üzrə ixtisaslaşma imkanını əldə edirlər.

Proqramda nəzərdə tutulmuş dərslər yalnız ingilis dilində ayda bir dəfə həftəsonu keçirilən 13 modul üzrə paylanıbdır. Beləliklə, 11 modul Bakıda, 2 birləşmiş modul isə Vyana şəhərində tədris olunacaq. Təhsil müddəti 3 semestrdir və 2020-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək davam edəcək. Fənlər həm elm, həm də istehsalat sahəsinin beynəlxalq səviyyəli peşəkar mütəxəssisləri tərəfindən tədris olunacaq. Proqrama hər hansı sahədə bakalavr dərəcəsi olan, texniki və ya idarəçilik sahəsində səriştə sahibi, ingilis dilini bilən və iş təcrübəsi olan hər kəs müraciət edə bilər.

Bakıda təhsil almaq istəyən Azərbaycan, Gürcüstan, Rusiya, İran və Qazaxıstan vətəndaşları, habelə sadalanan ölkələrdə yaşayış icazəsi olan digər ölkə vətəndaşlarına təqaüd veriləcək, təhsil haqqı isə 11 500 avro məbləğində hesablanacaq.

Qeyd edək ki, Vyanada bu proqramın təhsil haqqı 19 900 avro təşkil etdiyi halda, Bakıdakı proqrama 31 may tarixinədək müraciət edənlər üçün bu məbləğ 9 900 avro təşkil edəcək.

31 avqust 2020 il tarixinədək doldurulmuş anket [email protected] email ünvanına göndərilməlidir.

Qəbul üçün tələb olunan sənədlərin siyahısı ilə https://engineering.tuwien.ac.at/baku_track saytında tanış olmaq olar. Proqram keyfiyyətinə nəzarət məqsədi ilə nəzərdə tutulan tələbə sayı məhdudlaşdırılıb və gec müraciət edən tələbələr sonrakı proqram üçün nəzərdə tutulacaqlar.

Əlavə məlumat üçün https://cec.tuwien.ac.at/index.php?id=14681

Son xəbərlər

Orphus sistemi