Bakıda beynəlxalq təhsil forumu keçirilib

Bakıda beynəlxalq təhsil forumu keçirilib Dünyanın nüfuzlu reytinq qurumlarından biri olan "Times Higher Education" və Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı Bakıda beynəlxalq təhsil forumu keçirilib.
Elm və təhsil
28 Sentyabr , 2022 11:35
Bakıda beynəlxalq təhsil forumu keçirilib

Dünyanın nüfuzlu reytinq qurumlarından biri olan "Times Higher Education" və Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə Bakıda beynəlxalq təhsil forumu keçirilib.

"Report"un xəbərinə görə, “Davamlı gələcək üçün tərəfdaşlar” mövzusuna həsr olunan forumda Azərbaycandan Milli Məclisin deputatları, elm adamları, tələbələr, ABŞ, Almaniya, Britaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Portuqaliya, Pakistan, Malaziya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Tacikistan kimi onlarla ölkədən yüzlərlə tədqiqatçı, professor və ekspertlər iştirak ediblər.

Tədbirə bəzi iştirakçılar həmçinin onlayn şəkildə qatılıblar.

Forumda çıxış edən Beynəlxalq Biznes Universitetinin rektoru Feridun Hamdullahpur bildirib ki, dünyada xarici ölkələrdə təhsil alan tələbələrin sayı artır: “Lakin keyfiyyət problemi hələ də qalmaqdadır. Cəmiyyət gileylənir ki, siz bizə lazımi bacarıqlara sahib mütəxəssislər vermirsiniz. Tələbələr də həmçinin gileylənir ki, siz bizə lazım olan bacarıqları əldə etməyimiz üçün yaxşı təhsil vermirsiniz. Universitetlər isə bu iki qismin arasında qalıb. "COVİD"dən öncə də qarışıq təhsil termini populyar idi. Keyfiyyət haqqında danışırıqsa, o, sadəcə texnologiyalardan asılı deyil. Məsələn, min robot bir müəllimi əvəz edə bilməz. Çünki müəllim tələbənin gözünə baxanda anlayır ki, tələbə ona tədris edilən proqramı necə və nə qədər mənimsəyib. Bu baxımdan təhsildə robotlar insanları əvəzləyə bilməz”.

Daha sonra çıxış edən Andi Pol qeyd edib ki, bu gün ən böyük reallıqlardan biri də xüsusilə inkişafda olan ölkələrdə tələbələrin internetə qoşulması üçün mobil cihazlardan istifadə etməsidir: “Biz də həmin şərtlərə uyğun olaraq mobil kurslar yaratdıq və bu da tələbələr üçün bir sıra imkanlar açır”.

Forumda həmçinin bildirilib ki, 20 il öncəki proqrama baxanda vəziyyətin çox dəyişdiyi görülür. Qeyd olunub ki, bu gün tələbələrə ilk olaraq rəqəmsal sahədə yeni bacarıqlar əldə etməsi üçün köməklik göstərilməlidir.

Forum daha sonra beynəlxalq ekspertlərin diskussiyaları ilə sona çatıb

Qeyd edək ki, forumda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlar, təhsilin üzləşdiyi problemlər və onların həlli yolları nəzərdən keçirilib.

Son xəbərlər

Orphus sistemi